Amerikalı investor Cim Rocers 2025-ci ildə dünya iqtisadiyyatının son 80 ildə ən pis böhranla üzləşəyəcəyini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, multimilyonçunun qiymətlndirməsinə görə, iqtisadi böhranın səbəbləri borc, pul təklifinin artması və dünya mərkəzi banklarının aşağı faizləri olacaq.
“2008-ci ildə borc səviyyəsinin yüksəkliyinə görə böyük problem ortaya çıxmışdı. O vaxtdan bəri çox pulun çap olunduğuna və mərkəzi bankların dərəcələrinin süni şəkildə aşağı səviyyədə saxlanılmasına görə problem daha da artmışdır. Yeni bir böhran mənim həyatımda ən pisi olacaq. O, artıq yetişib və yaxın 3-5 ildə başlaya bilər”, – 77 yaşlı Rocers söyləyib.
Onun sözlərinə görə, ABŞ-da sonuncu maliyyə silkələnməsi 11 il əvvəl yaşanıb. Bu isə Amerika tarixində ən uzun sakit dövrdür.
Təhlilçilər etiraf edirlər ki, yeni “qara qaranquş” un haradan uçacağı hələ bilinmir. Ekspertlər ümumi daxili məhsulun həcminin geriləməsini gözləyirlər. Buna səbəb isə artan borc və yumşaq pul siyasəti, eləcə də Çindəki koronavirus epidemiyası olacaq.
Bundan əlavə, bu həftə istiqrazlar bazarı, ümumiyyətlə iqtisadiyyatın erkən soyumasını və tənəzzülün başlandığını göstərən bir vəziyyət yaşadır.