Prezident İlham Əliyev konfransda çıxış edib
“Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir, o vaxt ki, ölkəmizdə işsizlik bir qədər artmışdı. Onun da səbəbi o idi ki, neftin qiyməti 4 dəfə aşağı düşdü, biz məcbur olub investisiya xərclərimizi ixtisar etdik”.
AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu ildə dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq:
“Mən giriş sözümdə dedim, valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik. Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq”.