Cəmiyyət

Azərbaycan “İnterpol” xətti ilə 16 nəfəri axtarır: İnsan alverində ittiham olunurlar

Hazırda insan alverində ittiham olunan 16 nəfər “İnterpol”un Azərbaycandakı Milli Bürosunun xətti ilə beynəlxalq axtarışdadır.

Bu barədə Oxu.Az-a Azərbaycan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Axtarışda olanlardan 13-ü qadındır.

Gürcüstan vətəndaşı Fəqan Ceyranlı (1957-ci il təvəllüdlü), Türkiyə vətəndaşı Doğan Solun (1992-ci il təvəllüdlü) və İran vətəndaşı Mohsem Taheri Mahmodi (1962-ci il təvəllüdlü) 2019-cu ildən bəri beynəlxalq axtarışdadır.

Alınan məlumatlara görə, Gəncə sakinləri Samirə İbrahimova (1980-ci il təvəllüdlü) və Sədaqət Əliyeva (1964-cü il təvəllüdlü) 2017-ci ildən axtarılır.

Kürdəmir sakini Zeynəb Qədirli (1978-ci il təvəllüdlü) 2016-cı ildən bəri axtarışa verilib.

Lənkərandan olan Sevda Həsənova (1968-ci il təvəllüdlü) və Abşeron rayonundan olan Qızqayıt Hacıyeva (1984-cü il təvəllüdlü) 2015-ci ildən axtarışdadır.

Bundan əlavə, Solmaz Abiyeva (1969-cu il təvəllüdlü), Zülfiyyə İsgəndərova (1979-cu il təvəllüdlü), Validə Quliyeva (1964-cü il təvəllüdlü), Şöhrət Məmmədova (1978-ci il təvəllüdlü), Esmira Cəfərova (1972-ci il təvəllüdlü), Hicran Abıyeva (1969-cu il təvəllüdlü), Gülxanım Məmmədova (1964-cü il təvəllüdlü), Aybəniz Səfərzadə (1970-ci il təvəllüdlü) və Almaz Səfərova (1969-cu il təvəllüdlü) 2007-2014-cü illərdə axtarışa veriliblər və hələ də saxlanılmayıblar.

Həmçinin vurğulanıb ki, insan alveri ilə məşğul olanlar sabit marşrutlardan istifadə edirlər. Azərbaycanda insan alveri ilə məşğul olanların təyinat nöqtəsi Türkiyə və BƏƏ-dir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 20 iyun 2019-cu ildə dünyada insan alveri ilə bağlı vəziyyət barədə hesabat dərc edib. Hesabata əsasən, Azərbaycanda zərərçəkənin kimliyini müəyyənləşdirmək və onlara kömək etmək üçün səylər göstərilib. Xaricə gedən azərbaycanlı miqrantların məlumatlandırılması işləri genişləndirilib. Lakin buna baxmayaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə səylərdə ümumi artım yoxdur.

Azərbaycana insan alverçilərini daha fəal şəkildə izləmək və onlara sərt hökmlər tətbiq etmək, habelə daxili insan alveri, məcburi əmək və uşaq alveri hallarını aşkar etmək üçün səyləri artırmaq tövsiyə olunur.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, respublikadakı kriminal vəziyyət nəzarət altındadır və insanları istismar edən mütəşəkkil cinayətkar dəstələrin fəallığı qeydə alınmayıb.

“Artıq ardıcıl olaraq səkkizinci ildir ki, ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzlidir və “Trafficking in Persons Report” hesabatlarında hökumətimizin insan alveri ilə yaxşı mübarizə aparmadığını iddia edir”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

ABŞ Dövlət Departamentinin 160-dan çox ölkəyə dair hesabatına görə, dünyada insan alverindən əldə olunan gəlir doqquz milyard dollardır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir