Azərbaycanda bu il icbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün “İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən tədbirdə çıxış edən Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məlumat verib.
Ş.Eyvazovun sözlərinə görə, icbari tibbi sığorta sisteminə cari ildə daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir:
“Bu xidmətlərin bu il icbari tibbi sığorta sisteminə daxil olması gözlənilmir. Agentlik çevik mexanizm üzərində çalışır. Qarşıdakı illərdə bu xidmətlər də təminata alına bilər. Bunlar, əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir”.
E.Eyvazov onu da əlavə edib ki, cari ilin yanvar ayını 1-dən ölkə üzrə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq:
“Ən sonda Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanılacaq. Bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsinin 100 faizə çatdırılması proqnozlaşdırılır”.
Şöbə müdiri onu da qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb:
“Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq. Yəni minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq”.