Cəmiyyət

74 qəpiklik siqaret iki dəfə baha satılır

Bir neçə həftə əvvəl siqaretlərin qiymətində qəfil artım baş versə də, bununla bağlı hələ ki, rəsmi izahat yoxdur.

Yenisabah.az xəbər verir ki, qiymət artımı hər siqaret üçün 20-30 qəpik civarındadır. Bu cüzi deyil, xeyli dərəcədə əhəmiyyətli artımdır. Topdansatış məntəqələri qiymət artımını siqaretlər üçün nəzərdə tutulan aksizlərin bahalaşması ilə izah edirlər.

Bu günlərdə isə bəlli olub ki, Azərbaycanda satılan siqaretlət maya dəyərindən iki dəfə baha satılır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə,2019-cu ildə paytaxtda ümumi dəyəri 20 milyon 639 min manat olan 3 milyard 348 milyon ədəd papiros və siqaret istehsl edilib. Əvvəlki illə müqayisədə Bakıda istehsal edilən siqaretlərin sayı 1,98 dəfə, dəyəri isə 2,2 dəfə artıb.

Fed.az yazır ki, bu rəqəmləri nəzərə aldıqda, şəhərdə istehsal olunan hər 20 ədəd və ya bir qutu siqaretin istehsal qiyməti cəmi 12,4 qəpik təşkil edib.
Bakı Statistika İdarəsinin məlumatına görə, paytaxtda 3 siqaret istehsalı müəssisəsi fəaliyyət göstərir və bu rəqəmlər 3 müəssisənin göstəricilərini əks etdirir. Amma onlardan yalnız birinin adı məlumdur – Azərbaycanın ən böyük tütün istehsalçılarından olan “European Tobacco Baku”. Qalan iki müəssisənin adı və istehsal həcmi statistika sirri olaraq açıqlanmasa da, onların istehsal gücünün “European Tobacco Baku”dan qat-qat az olduğu şübhəsizdir.
Vergi Məcəlləsinin 190.3.8-ci maddəsinə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri aksiz vergisinə cəlb edilir. Aksiz vergisi üzrə ödəmə 1000 ədəd siqaret üçün 31 manat və ya 20 ədəd – 1 qutu üçün 62 qəpik təşkil edir.

Başqa sözlə, “European Tobacco Baku” da daxil olmaqla, Bakıdakı müəssisələrdə bir qutu siqaretin istehsalı və aksiz vergisi xərcləri ümumilikdə 74,4 qəpik təşkil edir.
Siqaretlərin satış qiyməti isə bundan təqribən ikiqat yüksəkdir. Digər iki müəssisənin məhsulları açıqlanmadığına görə, siqaretin açıqlanan qiymətini yalnız “European Tobacco Baku”nun məhsulları ilə müqayisə etmək olar.

“European Tobacco Baku”nun istehsal etdiyi siqaretlərdən “Astra” – 1,20 manat, “Azəri” – 1,50 manat, “Baku” – 1,50 manat, “Baku” (eksport) – 2,30 manat, “Freedom” – 1,20 manat, “Magna” – 1,50-1,70 manat, “Vegas” – 1,50-1,70 manat qiymətə satılır.

Yenisabah.az xatırladır ki, “European Tobacco Baku”nun Rüfət Quliyevdir. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır. Rüfət Quliyev fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinə də qatılıb və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədliyini irəli sürdüyü 73 saylı Lənkəran şəhər seçki dairəsinin qalibi elan edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir