Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.
Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.
İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki ulu öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada siyasi məqam da var idi, o da Azərbaycanı tanıtmaq idi.
Təbiətcə musiqinin vurğunu olan, incə və həssas musiqi duyumuna, zövqünə malik olan, Azərbaycan və dünya mədəniyyətinin bədii nümunələrini həvəslə dinləyən, dövlət rəhbərliyində də, şəxsi həyatında da, ailəsində də musiqidən ayrılmayan, musiqi və musiqiçilər haqqında peşəkar musiqi tənqidçisi kimi çox dəyərli rəy və fikirlər söyləyən, musiqişünaslığın elmi fikir və ideyalar dairəsini zənginləşdirən, daim musiqiçilərlə dostluq edən Heydər Əliyevin həyat və fəaliyyətini musiqi mədəniyyətindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Hətta o Zərifə xanımın müşayiəti ilə mahnılar ifa edərək bundan çox böyük zövq alırdı. O, musiqiyə dərindən bağlı bir şəxsiyyət kimi bu sənətə, onun yaradıcılarına, problemlərinə daim böyük diqqət yetirmiş, sənət adamlarına hörmət və ehtiramla yanaşmışdır. Musiqimizə, mədəniyyətimizə verdiyi yüksək qiymət və qayğı özünü, o cümlədən Heydər Əliyevin mədəniyyət işçilərinə münasibətində də göstərirdi. Prezidentin teatr tamaşasının premyerasında iştirakı və yaxud da teatrın truppasını qəbul etməsi, onlara yaradıcılıq uğurları arzulaması, neçə-neçə bəstəkarın, rəssamın, respublikada görkəmli muğam ustalarının yaradıcılıq gecələrinin, yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları mədəniyyətimizin həyatında önəmli rol oynamışdır. Heydər Əliyev sevməklə yanaşı, həm də onu musiqini insanlara sevdirirdi. Bu onun böyük maarifləndirmə missiyasından irəli gəlirdi. Heydər Əliyev yaşlı nəslin yaradıcılığına da çox böyük qayğı göstərmiş, gənc nəslin yaradıcılıq imkanlarının genişlənməsinə hərtərəfli yardım etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. O, yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Ulu öndərin ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı.
Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Hələ, 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində ulu öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”. Heydər Əliyev Azərbaycanla, onun tarixi və bu günü ilə bağlı biliklərin tədrisinə böyük önəm verir və bunu vətənpərvərlik tərbiyəsinin ən mühüm amili hesab edirdi. Bununla əlaqədar Heydər Əliyev belə demişdir: “… Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə o, millətinə olan münasibəti ilə istənilən səviyyədə fəxr edə bilməz”. Ulu öndərin bu gün də yaşamaqda olan ideya-siyasi varlığına öz münasibətimizi təkcə iftixar hissi keçirməklə deyil, həm də bu ideya dünyasını öyrənmək, tədqiq etmək və həyata keçirməklə ifadə etməliyik. Əsas məsələ bu ideyalara sahib çıxan yeni nəslin yetişdirilməsidir.
Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. Bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Ulu öndər 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırmasındakı rolu danılmazdır. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər. Böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxarmışdı. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup da yaradılmış və həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdu. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını və sülhə, gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdi. IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətlədirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, ümummilli lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli Fərman imzalamışdı. Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunmuşdur. Milli Komitə bir il ərzində Pekin konfransına ciddi hazırlaşmışdı. Ulu öndər bu məsələni diqqətində saxlayırdı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-i işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Ümummilli lider xalqa müraciət edərək demişdir: “Milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan üçün bu gün ən ümdə vəzifə Ermənistan Respublikasının hərbi təcavüz nəticəsində doğma evindən-ocağından məhrum olan qaçqın qadın və uşaqların problemlərini həll etməkdən ibarətdir”. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edilmiş, qadın və təhsil, qadın və sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar və yoxsulluq, qadınların insan hüquqları, qərar qəbuletmədə qadınların rolu və digər bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirilmişdi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər.
Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (CEDAW) xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya – qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.
Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil ölkənin dövlətçiliyi üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ümummilli liderimiz ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirək, deyirdi ki: “Ailə dəyərləri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O, ailədə ananın rolunu yüksək qiymətləndirirdi: “…hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur”. O, hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifələri yerinə yetirməklə, ulu öndərin ruhunu da şad etmiş oluruq. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim – tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. O deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı – cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş demokratiya kursunu inamla davam etdirmişdir. Respublikamız hazırda inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində tərəqqi və intibaha, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları əzmlə gerçəkləşdirmək imkanı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyərək Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, Ümumi Daxili Məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın inamlı sabahı baxımından strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesinin sürətləndirilməsi xüsusi diqqət mərkəzindədir. Cənab İlham Əliyev prezident seçkisindən sonra bəyan etmişdi ki, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”. Prezident İlham Əliyevin bu bəyanatı ulu öndər Heydər Əliyev ideallarına sadiqlikdən irəli gəlmişdir. Bu siyasi irs Azərbaycanda milli dövlətçiliyin dini, siyasi və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqları kontekstində inkişaf tapmış demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsini, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını kifayət qədər təkmil formada özündə əks etdirir. Dövlət başçısı İlham Əliyev ölkədə milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı faktoruna çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışı ilə Azərbaycanda əldə edilmiş milli birlik ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir və 16 ildə cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. İnsan hüquqlarının maksimal müdafiəsini nəzərdə tutan bu addımlar özündə həm də humanist dəyərləri, mütərəqqi prinsipləri ehtiva edir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Cənab İlham Əliyevin bununla bağlı irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər: “Demokratikləşmə prosesi və sosial iqtisadi inkişaf. Bunlar hamısı vahid bir prosesin tərkib hissələridir. Birini o birindən ayırmaq mümkün deyildir. Əgər biz diqqətimizi ancaq iqtisadi məsələlərə yönəltsək, siyasi proseslər kənarda qalsa, demokratikləşmə getməsə, ölkədə siyasi islahatlar getməsə, uğur qazana bilmərik. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, əgər iqtisadiyyat inkişaf etməsə, onda demokratikləşmə prosesi də təhlükə altına düşər. Çünki kasıb ölkədə, çoxlu sosial problemləri olan ölkədə insanlar demokratiya, siyasi proseslər haqqında düşünmürlər. İnsanları ancaq gündəlik məsələlər düşündürür. Ona görə paralel şəkildə, hərtərəfli inkişaf Azərbaycanı yaxın zamanlarda çox güclü dövlətə çevirəcəkdir”. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Tanap, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsi ilbəil azalır. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar elmi inkişafa doğru sürətli kurs götürüldüyünü təsdiqləyir. Hazırkı mərhələdə neft və qeyri-neft sektorunun gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. 15 illik fəaliyyəti dövründə Fond Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətidir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.
Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir
Sevindik Hətəmov
Salyan rayon İcra Hakimiyyətinin başçısı