Şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.
Bizimyol.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində sədr KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək.
Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək Şeyxülislam sədri olduğu Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2020-cu ilin payızında Şərqi Avropada – Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq.
2019-cu il Dünya Dini liderlərinin II Bakı Sammitində yaxından iştirak edən KAICIID Baş katibi Feysal bin Muammara, habelə Direktorlar şurasının üzvü Məhəmməd Sammaka fəal iştiraklarına görə xüsusi minnətdarlığını ifadə edəcək QMİ sədrinin, yaxın dövr ərzində BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını və Mərkəz xəttilə cari il ərzində Azərbaycanda keçiriləcək müxtəlif lokal və beynəlxalq tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını Şura üzvlərinin diqqətinə çatdıracağı nəzərdə tutulur.
Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının sessiyasında iştirak edən QMİ sədri A. Paşazadə beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrə dair müzakirələrə qatılacaq.
Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədri A. Paşazadənin krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.