Bu il Azərbaycanda bir neçə sənaye məhəlləsinin tam fəaliyyətə başlaması gözlənilir.
Bunu Oxu.Az-a açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir müavini Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələrində aparılan tamamlama işləri barədə də danışıb:
“Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır”.
N.Səfərov bildirib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulması ilə bağlı işlər aparılır.
Qeyd edək ki, 2019-cu ilin may ayının statistikasına əsasən sənaye məhəllələrində 60-ya yaxın rezident fəaliyyət göstərir. Bu rezidentlər tərəfindən üç milyard manata yaxın investisiya yatırılıb. Bunun da 540 milyon manatı ilkin dövrə düşüb.