Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonundan sonra daha bir neçə rayonda əməliyyat keçirəcəyi ehtimal edilir.
Pravda.az-ın xəbərinə görə, bu əməliyyatlar daha çox narazılığın olduğu rayonlarda həyata keçirilir.
Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bir neçə gün öncə dərc olunan məqaləsində qeyd edilib ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artıb.
DTX bir müddət əvvəl Ağstafada əməliyyat keçirdi, rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanıldı, cinayət işi açıldı və həbs edildi. Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı da həbs edilib. Fevralın 20-də də Neftçalada əməliyyat keçirildi, saxlanılanların olduğu bildirilir. Şikayətlərin daha çox olduğu rayonların siyahısında bu rayonların adları var. Siyahıda başqa rayonlar da qeyd edilib. Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə vurğulayıb ki, qanun pozuntularına yol verən məmurlar sərt cəzalandırılacaq.