Cəmiyyət

Karantin evə qovur, ev sahibi küçəyə – minlərlə ailə çətin durumda

Koronavirus infeksiyasının iqtisadiyyata vurduğu mənfi təsir kirayə mənzil bazarından da yan keçməyib. Koronavirusla mübarizə çərçivəsində məhdudlaşdırılan fəaliyyət sahələrində çalışanlar, günəmuzd işləyənlər kirayə haqqını ödəməkdə böyük çətinliklə üzləşiblər.

Məlumatlara görə, ən böyük sıxıntı müqaviləsiz kirayələrlə bağlıdır. Belə ki, ev sahibləri kirayə haqqını gecikdirən, ödəməkdə çətinlik çəkənlərə qarşı amansız davranır, onları ev haqqını ödəmədiklərinə görə evdən çıxardırlar. İkitərəfli şifahi razılaşma əsasında mənzil kirayə götürənlər ortada müqavilə olmadığından evi tərk etmək məcburiyyətidə qalırlar. Son günlərin ən çox müzakirə olunan mövzularından biri müqaviləsiz kirayədə qalanların aqibətidir. Bəs onlara hökumətdən hər hansı formada dəstək mümkündürmü?

Əmlak eksperti Ramin Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bakı və Abşeronda minlərlə ailə kirayədə yaşayır. Onlar qeyri-rəsmi icarə münasibətlərində fiziki şəxs kimi sahibkarlıq fəaliyyətilə məşğuldurlar. R.Osmanlının sözlərinə görə, bu şəxslərin əksəriyyəti hazırda Nazirlər Kabinetinin qərarına əsasən, fəaliyyət sahələri məhdudlaşdırılan işlərdə çalışırlar:

“İndi həmin təbəqənin “kirayə öhdəlikləri”ni icra etmək imkanları məhduddur. Bir qismi ilə aparılan söhbətlər əsasında gəlinən qənaət bundan ibarətdir ki, bəzilərinin kirayə götürdükləri mənzillərin mülkiyyətçiləri aylıq kirayə pulunun bir hissəsini, yaxud hamısını müəyyən dövr üçün güzəştə getməyə razı olsalar da, əksər mülkiyyətçilər mənzillərin boşaldılmasını tələb edirlər”.
Ekspert deyir ki, hökumət şəxsi mülkiyyətdə olan kirayə mənzil fonduna diqqət ayıra bilər: “Fikrimcə, uzun illər hökumətin yaratdığı imkanlardan istifadə edən mülkiyyətçilər illərlə onlara yaradılan şəraitin qarşılığında güzəştə getməlidirlər. Uzun illərdir mənzillərini kirayə verən, ancaq qeydiyyata salmadığı üçün vergi öhdəliklərini yerinə yetirməyən şəxslər, heç olmasa, indi insafa gəlməli və onillərlə vergidən yayınmalarının qarşılığında bir neçə ay kirayənişininə güzəşt etməklə, dövlətin hazırkı siyasətinə dəstək verməlidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hökumətin belə ailələrə dəstək mexanizmi olmalıdır: “Əgər vətəndaş koronavirusa görə işini itiribsə, ona rəsmi işsiz olmadığından hər hansı dəstək yoxdursa, bunun üçün yerli icra hakimiyyətləri var. Yerli icra hakimiyyətlərinə belə vətəndaşlara dəstək üçün maliyyə ayrılır. Evi olmayan, kirayədə yaşayan sakinlərə rayon icra hakimiyyətləri dəstək olmalıdır”.

O ki qaldı hökumətin belə ailələrə sosial dəstək paketinə, V.Əhmədov indidən heç bir fikir söyləməyin mümkün olmadığını söyləyir: “İndi vətəndaşlara dəstəklə bağlı müxtəlif rəqəmlər səslənir. Hələ ki bununla bağlı nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nə də Mərkəzi Bankın tədirlər planı yoxdur. Onlar bunu açıqlamalıdırlar ki, biz işsizlərə, günəmuzd işləyənlərə, krediti olanlara hansı güzəştlərin ediləcəyi və dəstəyin göstəriləcəyindən danışaq. Bunlar açıqlanmamış indidən bir fikir söyləmək olmaz. Bu gün xeyli sayda insan var ki, rəsmi işsiz kimi qeydiyyatda deyil. Belə vətəndaşlara dəstək üçün yerli icra hakimiyyətlərinə maliyyə ayrılır. Əgər bu gün kirayədə yaşayan şəxsə mənzil sahibi güzəşt etmirsə, evi olmadığı, kirayədə yaşadığı üçün dövlət həmin ailəyə dəstək olmalıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir