Xəbər verildiyi kimi bu günlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri Rusiyanın İrkutsk şəhərində Su-35 və MiQ-35 qırıcılarının istehsal olunduğu zavodlara baş çəkiblər. Bu döyüş təyyarələrinin taktiki-texniki göstəriciləri ilə tanış olublar. Müzakirələr zamanı Azərbaycanın bu təyyarələri almaq marağı ifadə olunub.
Azərbaycanın Rusiyadan müasir döyüş təyyarələri almasına dair danışıqların getdiyi hələ bir neçə ay əvvəldən məlum idi. Rusiya mənbələri xəbər vermişdi ki, iki ölkə rəhbərləri arasında bu barədə anlaşma var. Lakin o zaman Azərbaycanın Rusiyanın 5-ci nəsil Su-57 qırıcılarını almağa maraq göstərdiyi deyilirdi. Hansı ki, bu qırıcıların seriya istehsalı hələ başlamayıb və Rusiya Hava Kosmik Qüvvələrinin sərəncamında məhdud sayda belə qırıcı var, amma hələ silahlanmaya rəsmən qəbul olunmayıb.
Bu baxımdan Azərbaycanın Rusiyadan 4++ nəsil F-35 və MiQ-35 qırıcılarını əldə etməsi daha real görünür. Virtualaz.org xəbər verir ki, Rusiyanın “Svobodnaya pressa” portalında bu təyyarələrin Azərbaycana neçəyə satıla biləcəyi barədə bəzi rəqəmlər irəli sürülüb.
Bildirilir ki, Su-35 qırıcılarının Azərbaycana satış qiyməti 83 milyon dollardan 104 milyon dollara qədər dəyişə bilər. MiQ-35 qırıcılarını isə Moskva 45 milyon dollara sata bilərdi.
Müqayisə üçün qeyd edək ki, Rusiya Ermənistana 4+ nəsil Su-30SM qırıcılarının birini 25 milyon dollara satıb. Bu zaman Ermənistanın KTMT üzvü olmasına görə qırıcıları Rusiya ordusu üçün müəyyən olunan qiymətə Yerevana veriblər. Azərbaycana isə Rusiya öz qırıcılarını bazar qiymətləri ilə təklif edəcək.
“Svobodnaya pressa” bildirir ki, Su-35 və MiQ-35 qırıcıları F-22, F-35, J-20 və Su-57 qırıcılarından bir qədər aşağı göstəricilərə malikdir, amma 5-ci nəsil qırıcılara çox yaxındır. Gələcəkdə radiolokasiya sistemlərinin daha da inkişaf etməsi ilə bu təyyarələr öz göstəricilərinə görə 5-ci nəsil qırıcılara daha da yaxınlaşa bilər.
Ehtimal edilir ki, Azərbaycan məhdud sayda yox, daha çox qırıcı əldə etmək istəyir. Çünki Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə parkı sovet dövründə istehsal edilmiş və modernizasiyadan keçmiş texnikadan ibarətdir, onları yeniləməyin vaxtı çoxdan çatıb. Ona görə də Azərbaycanın kifayət qədər bahalı Su-33 qırıcılarına yox, nisbətən ucuz MiQ-35 qırıcılarına üstünlük verəcəyi təxmin edilir. Lakin hər iki varianta üstünlük verilməsi də istisna deyil. Su-35 qırıcıları kifayət qədər uzaq məsafələrə uça bilir və daha güclü silah sistemləri, o cümlədən yüzlərlə kilometr məsafəyə uçan R-37M “hava-hava” raketləri daşıyır. Bu qırıcılar Suriya müharibəsində geniş tətbiq olunub və hərbi ekspertlərə görə “əla” qiymət alıb.
Öz növbəsində MiQ-35 qırıcıları Su-35 qırıcılarına nisbətən daha az “görünür”, daha yüksək çəkim gücünə malik yeni mühərriklə təchiz olunub və yüksək manevr qabiliyyətinə malikdir. Azərbaycan HHQ-nin əsas döyüş təyyarələri modernizasiya edilmiş MiQ-29 qırıcıları olduğu üçün azərbaycanlı pilotlar MiQ-35-lərə daha tez adaptasiya oluna bilər.
Lakin müəllif Aleksandr Sitnikov qeyd edir ki, Azərbaycanın keçirəcəyi tenderdə MiQ-35 qırıcılarının siyasi rəqibi var. Bu Pakistan-Çin birgə istehsalı olan JF-17 “Thunder” qırıcılarıdır. Hansı ki, Azərbaycan uzun müddətdir bu qırıcılara maraq göstərir. Onların qiyməti Azərbaycan üçün Rusiya qırıcıları ilə müqayisədə olduqca cəlbedicidir, cəmi 15 milyon dollara yaxındır. Lakin bir nüans var-Bakı israr edir ki, qırıcıların əsas elektron sistemləri Türkiyə istehsalı olmalıdır. Bu da Pakistan təyyarəsinin etibarlılığını aşağı sala bilər.
Pakistanlı hərbi analitik Muzammil Hətəmi bildirib ki, Azərbaycan 20 JF-17 “Thunder” qırıcısı, habelə onlara texniki xidmət və pilotlara təlim keçilməsi sorğusu üzrə sifarişi nəzərdən keçirir. Bu sifarişin ümumi dəyəri 400 milyon dollar olacaq. Əgər Moskvadan eyni sayda MiQ-35 qırıcısı sifariş edilsəydi o zaman Azərbaycan 900 milyon dollar ödəməli olardı. Lakin döyüş imkanlarına görə JF-17 qırıcıları Rusiya qırıcılarından daha zəifdir və ehtimal edilir ki, Azərbaycan sonda Rusiya qırıcılarına üstünlük verəcək.
Virtualaz.org