Bakı şəhəri, Nizami rayonu sakini J. Əliyeva həyat yoldaşından boşansa da, işsizliyə görə birdəfəlik ödəməni ala bilmədiyini bildirib.
J. Əliyeva “Qafqazinfo”ya müraciətində bildirib ki, boşanma ötən ilin əvvəli baş tutsa da, yaşadığı problemlərə görə, şəxsiyyətini dəyişdirə bilməyib: “Şəxsiyyət vəsiqəmdə hələ evli olduğum görünür. Keçmiş həyat yoldaşım da VÖEN ödəyicisi olduğundan mənə birdəfəlik ödəmə düşmür. Baxmayaraq ki, online müraciətdə boşanmış seçib qeydiyyata düşsəm də, bazada evli olaraq görünürəm.
Ancaq mən ASAN Xidmətə də müraciət etmişəm.
Dedilər ki, qeydiyyat mərkəzi boşanma ilə bağlı çıxarışı ədliyyənin sisteminə əlavə etməli olsa da, bu həyata keçirilməyib. Müraciətin vaxtının aprelin 20-nə kimi olduğunu deyirdilər. Ancaq bu gün mənə dedilər ki, birdəfəlik ödəmə ilə bağlı müraciət etmənin müddəti uzadılıb. Ona görə də bu həftə ərzində şəxsiyyət vəsiqəmi alıb, yenidən müraciət edəcəm. Müraciət etdiyim qurumlar çalışırlar ki, 190 manatı almaqda mənə kömək etsinlər.
Hazırda 2 uşağa baxıram. İşsizəm. Keçmiş həyat yoldaşım bizə 2018-ci ilin yaşayış minumumu ilə aliment ödəyir. Bu da 300 manat edir. 300 manatın 100 manatı kommunal xərclərə gedir. Qalan pulla da iki uşağı saxlamaq çətindir. Mən indiki məqamda uşaqlarımı ac saxlamaq istəmirəm. Aidiyyəti qurumlardan xahiş edirəm ki, mənim işlə təmin olunmağıma kömək etsinlər”.
Şikayətçi J. Əliyeva vurğulayıb ki, keçmiş əri Elnur Əliyev ona məxsus olan evi sataraq pulunu mənimsəyib: “ Məhkəmənin qərarıyla mənə vurulmuş ziyanı da ödəmədiyinə görə maddi çətinlik içərisindəyəm. Bundan əlavə, hazırda yaşadığım ev keçmiş ərimin adınadır. Ancaq məhkəmənin qərarıyla, mənə bu evdə uşaqlarımla yaşamaq icazəsi verilib. Ancaq faktiki olaq keçmiş həyat yoldaşım buna imkan vermir. Demək olar ki, çöldə qalmış kimiyəm. Ya mənə bu evdən pay versin, ya da evimin pulunu qaytarsın ki, uşaqlarımla başqa yerdə yaşaya bilim”.
“Qafqazinfo” məsələyə münasibət xanımın keçmiş həyat yoldaşı ilə bir neçə dəfə əlaqə saxlasa da, qarşı tərəf telefona cavab verməyib.