Manşet Səhiyyə

“Bitdi deyə bir şey yoxdur, insandan insana yoluxur”

“Biz içimizdə keçirdiyimiz həyəcanın bəlkə yarısını da vətəndaşlarımıza çatdırmırıq. Çalışırıq ki, onları daha sakit saxlayaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB- in şöbə müdiri Yaqut Qarayeva AzTV-nin efirində deyib.

O qeyd edib ki, bugünkü rəqəmlər onu sevindirdiyi qədər də həyəcanlandırır: “Qorxu hissi keçirirəm ki, gərək bundan sonra biz bu günə qədər qazandıqlarımızı itirməyək. Bizim üçün bu, çox vacibdir. Çünki bugünkü günə biz elə-belə gəlmədik. Biz bu günə 30 yanvardan mərhələ-mərhələ, çox böyük işlər görərək gəldik. Ölkəmizin rəhbərliyi qərarları düzgün zamanda qəbul etdi. Biz birbaşa sərtləşdirmədik və karantin rejiminə keçmədik. Mərhələ-mərhələ olaraq məktəblər bağlandı, hardasa yığıncaqlar sərtləşdirildi, qadağa qoyuldu. Bu gün biz bu günə gəlmişik. Epidemiyanın yayılmasını demək olar ki, nəzarətdə saxlayırıq. Bunu nəzarətdən çıxmağa qoymamalıyıq. Ancaq bunu birdən-birə kəsmək olmaz. Birdən- birə kəssək, biz vəziyyətin daha da pisləşməsini görə bilərik. Çünki yoluxucu xəstəlikdir. Bu gün ayın 20-dir, sabah 21-dir, bitdi deyə bir şey yoxdur. Bu, insandan insana yoluxur. 8 nəfər olsa belə demək, bu yoluxma hələ ölkəmizdə var. Bu prosesdən çox ehtiyatla çıxmalıyıq”.
Y. Qarayeva sağalan insanların yenidən yoluxmasından da danışıb. O qeyd edib ki, bu çox yeni bir virusdur: “Virusun xüsusiyyətləri hələ araşdırma mərhələsindədir. Sağalanların yenidən yoluxması ilə bağlı məsələlər hələ ki, azdır. Bizim tez-tez telekonfranslar vasitəsilə Çin, Cənubi Koreya, İsrail mütəxəssisləri ilə əlaqələrimiz olur. Hər dəfə çalışırıq ki, suallarımızı verək. Sağalan adamların yenidən yoluxması məlumatı hələ ki azdır. Bu xəstəlikdən sonra yaranan immunitetin nə dərəcədə uzun müddətli,qoruyucu olması gələcək araşdırmaların nəticəsində bilinəcək. Sağalıb evə gedən insanlara biz yenidən ev şəraitində karantində qalmasını tövsiyə edirik. Bu mütləqdir. Çünki biz onların özlərinin immunitet qazanması bir yana olsun, onların yoluxdurma müddətinin nə qədər olduğunu hələ tam əminliklə deyə bilmirik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir