Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərə birdəfəlik yardımın verilməsiylə bağlı sərəncam izalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sərəncam ümumilikdə 7600 nəfərə şamil olunacaq. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və Sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir.
Nazirlik tərəfindən birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.
Qeyd edək ki, sərəncamda İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi tapşırılır.
Sənədə əsasən, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.