Siyasət

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçiriləcək

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək.

“Report”un xəbərinə görə, bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib.

Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğunu nəzərə alaraq, Zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb.

Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.

BMT Baş Assambleyasının 2018-ci il 12 dekabr tarixli qətnaməsi ilə 24 aprel Beynəlxalq Multilateralizm və Diplomatiya Günü kimi qeyd olunur.

Çoxsaylı beynəlxalq təşkilatların üzvü olaraq, Azərbaycan Respublikası fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi dəstəkləyir.

Aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyasına həsr olunmuş videokonfrans formasında fövqəladə Zirvə görüşü keçirilib. Azərbaycan Respublikası koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq səyləri dəstəkləmək məqsədilə könüllü əsasda Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı cavab tədbirləri fonduna 5 milyon ABŞ dolları dəyərində könüllü maliyyə ianəsi edib.

“Ümidvarıq ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü koronavirusa qarşı mübarizədə Qoşulmama Hərəkatı üzv dövlətlərinin səylərinin səfərbər olunmasına, həmrəyliyin və multilateralizmin güclənməsinə əhəmiyyətli töhfə verəcək”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir