Manşet

İstanbulda “girov” qalan azərbaycanlı səyyah çarəsiz durumda – “İki tərəfin qərarını gözləyirik”

Məlum karantinlə bağlı dünya ölkələri arasında gediş-gəlişin kəsilməsi bəzi səyyahları qəfil yaxaladı. Hazırda hansısa xarici ölkədə qalıb, öz vətəninə dönməyi səbirsizliklə gözləyən insanlar var.

İstanbuldan Azərabycana gəlməyə tələsən, sosial şəbəkədə səyyah bloqer kimi tanınan Vuqar Quliyev kimi. Dünyanın 76 ölkəsini və 143 şəhərini gəzən səyyah hazırda İstanbulda “ilişib” və Azərbaycana qayıda bilmir.

Quliyev başına gələnləri AYNA-ya nəql edib: “Sonuncu səfərim Braziliyaya idi. Ənənəvi olaraq, dünyada pandemiya böhranı olmasına baxmayaraq, səfərimə ara vermədim. Çünki mənim səfər planlarım xeyli müddət qabaq olur. Münasib qiymətə uçuş biletləri tapmaq, bron etmək, getdiyim ölkə barədə məlumat toplama – bunlar hamısı səfər planlarıma daxildir. Braziliya səfərim bitər-bitməz öyrəndim ki, artıq təyyarə keçidi edib ölkəmə gedəcəyim Türkiyədə koronavirusla bağlı vəziyyət ciddiləşib. Türkiyəyə gəldim və qəfil yoluxma, ölüm hallarının artması xəbərindən dərhal sonra Türkiyə təhlükəsizlik tədbiri kimi xaricə uçuşlarını dayandırdı. Halbuki, elə uçuşlar təxirə salınan günə əlimdə hazır biletim vardı. Hava limanı bağlandı, ucuşlar təxirə salındı”.

“Tam 5 gün İstanbul Hava Limanında qaldım. Bu müddət cansıxıcı keçsə də, Türkiyə hökuməti bizi qida ilə təmin edirdi. Daha sonra mən də daxil olmaqla, tranzitdə qalan sərnişinləri 14 gün ərzində tələbə yataqxanasında karantində saxladılar. Aprelin 15-dən isə İstanbuldakı otellərdən birindəyəm. Türkiyədəki Azərbaycan səfirliyinə müraciət etmişdim, əvvəldən onların siyahısında qeydə alınmışam. Hazırda səfirliyimiz oteldə gecələmə pulumu ödəyir. Günlük yemək xərci özümə aiddir, 35-40 lirəlik gündəlik xərcim çıxır”, – Vüqar bildirib.

Yeri gəlmişkən, Türkiyədəki azərbaycanlı tələbələrə, səfəri təxirə salınanlara səfirliyimizin 200 TL (65 AZN) məbləğində maddi yardım verdiyi deyilir. Lakin bir çox adamlar bunun verilməməsindən gileylənirlər. Xəbər nə qədər doğrudur?

Vüqar deyir ki, səfirlikdən ayrılan pul nəğd ödənilmir: “Səfirliyimiz məşhur market şəbəkəsi ilə müqavilə bağlayıb və ərzağa ehtiyacı olan azərbaycanlılar, tələbələr, buradan ölkəsinə gedə bilməyən həmvətənlərə xüsusi şifrə verilir. Bu şifrəni marketə təqdim etməklə 200 TL dəyərində bazarlıq etmək olar. Hətta, mən bu dəstək paketindən ikinci dəfə istifadə etmişəm. Sərt karantin günlərində evdə qalacam deyə müarciət etdim, səfirlik mənə növbəti kodu göndərdi. Geri dönməyimiz haqqında isə hələlik hər hansı məlumat yoxdur. Azərbaycandakı vəziyyəti izləyirəm, yəqin ki, Operativ Qərargahın verdiyi qərarlardan, o cümlədən Türkiyə tərəfinin qərarından sonra məsələ dəqiqləşəcək”.

“İstanbulda karantində olmaq çətindirmi” sualını cavablandıran müsahibimizin dediyinə görə, orada hamıya evdə qalmaq tövsiyyə olunur: “Burada bizdəki kimi SMS iznlə küçəyə çıxmaq məsələsi yoxdur. Arada çıxmaq olar. Amma maska məcburiyyəti var, əgər küçəyə maskasız çıxsan, 3000 TL (1000 AZN) cərimə ödəməlisən. İki həftədir, iri şəhərlərdə, o cümlədən İstanbulda ciddi karantin tətbiq olunur. Bu həftə də yenə bir neçə gün belə “ev həbsi” olacaq”.

Sonda V.Quliyev onu da əlavə edib ki, bu günədək səfər etdiyi və geri döndüyü ölkələrdə uçuşla bağlı belə çətinlik yaşamayıb.

İstanbulda “girov” qalan azərbaycanlı səyyah çarəsiz durumda

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir