Manşet

Arxayınlaşmayın, daha da məsuliyyətli olun – ŞƏRH

Azərbaycan dövlət olaraq koronavirus pandemiyasının zərər vurduğu sahələrdə itkilərin minimuma endirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir.

Bununla belə, ölkə üzrə son günlərdə koronavirusa yoluxma hallarında artım qeydə alınır.

Nazirlər Kabineti yanında operativ qərargahın mayın 6-da açıqladığı məlumata əsasən, Azərbaycanda koronavirus infeksiyasına 67 yeni yoluxma, 28 sağalma faktı qeydə alınıb.

Koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 1958 və 1969-cu il təvəllüdlü iki nəfər isə vəfat edib.

Bir neçə gün bundan əvvəl isə sağalma sayı yoluxma sayını üstələyirdi – bu isə, şübhəsiz ki, cəmiyyətin pozitiv notlara köklənməsi üçün stimul idi.

Həmin stimul arxayınlığa zəmin yaratdı, lakin anlamaq lazımdır ki, koronavirusa qalib gəlməyin yollarından biri və ən əhəmiyyətlisi ictimai və şəxsi məsuliyyətdir.

Sosial məsafə və özünütəcrid koronavirusdan qorunmanın effektli üsulları hesab olunur. Bu işdə vətəndaşların üzərinə böyük məsuliyyət düşür.

Sosial məsafə digər insanlarla təmasdan yayınmaq, ictimai yerlərdə, adamların sıx toplaşdığı məkanlarda çox olmamaq və mümkün olduqca belə yerlərə getməmək deməkdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mayın 6-da keçirdiyi brifinqdə bildirib ki, hər kəs vətəndaş olaraq məsuliyyətini dərk etməlidir.

“Biz pandemiya dövrünü uğurla başa çatdırmalıyıq. Bu işdə məsuliyyət hər bir vətəndaşın üzərinə düşür. Dövlət öz öhdəliklərini yerinə yetirib və yetirəcək”.

Harvard Universitetinin alimləri həyəcan təbili çalıblar ki, koronavirusun peyvəndi və ya xəstəliyi müalicə edəcək dərman tapılmasa, insanlar 2022-ci ilə qədər 1,5-2 metrlik sosial məsafə saxlamağa məcbur olacaqlar.

Tibbi maskalardan istifadə, əllərin tez-tez spirtlənməsi və yuyulması koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını alan amillərdəndir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir