Dünya

Türklər azərbaycanlılar kimi özlərinə güvənsələr… – Diplomat

Zirveyolu.info  Publika.az-a istinadən diplomat İsmail Hakkı Musa ilə müsahibəni təqdim edir:

– Cənab səfir, bildiyim qədərilə səfir kimi çalışdığınız ilk ölkə Belçika olub.

– Bəli. 2011-ci ilin oktyabrında Türkiyənin Belçikada fövqəladə və səlahiyyətli səfiri kimi işə başladım. Lakin bir il sonra dövlətimizin tapşırığı ilə Türkiyəyə geri döndüm. Müxtəlif vəzifələrdə çalışandan sonra 2016-cı ildə Fransaya səfir təyin olundum.

– Tanıdığım diplomatların birinci xarici dili adətən ingiliscə olur…

– Doğrudur. Amma oxuduğum məktəbdə fransız dili tədris olunurdu. Ali təhsilimi Fransanın Nansi və Strasburq şəhərlərində tamamladım. Ona görə birinci xarici dilim təbii olaraq fransızcadır.

– Maraqlıdır, tələbə İsmaillə fövqəladə və səlahiyyətli səfir İsmail Hakkı Musanın Fransaya baxış tərzi arasında nə kimi fərq var?

– Hər iki halda xarici ölkədəsən. Mənəvi və maddi problemlərin olur. Xalqını, ölkəni təmsil etdiyini anlayırsan. Lakin tələbə ikən əyləncə proqramlarına daha çox vaxt ayıra bilirsən. Gəzməyə, tanımağa, özünü tapmağa, yeni mədəniyyətə inteqrasiya etməyə zamanın olur. Səfirin məsuliyyəti, öhdəlikləri daha çoxdur. Fransada 750 min türk yaşayır. Sən onların hamısının doğmasına çevrilməlisən. Problemləri, uğurları, çətinlikləri ilə maraqlanmalısan. Ölkənin sağlam şəkildə təbliği üçün diplomatik gücünü səfərbər etməlisən.

– İsmail bəy, Fransada yaşanan son vəziyyəti, pandemiya acısını şərh etməyinizi istərdim.

– Fransa koronavirus pandemiyasından ən çox zərər görən ölkələr sırasındadır. Avropada isə 4-cü yerdədir. 17 mart 2020-ci ildən bu günədək sərtləşdirilmiş karantin vəziyyətindəyik. Təbii ki, heç bir dövlət pandemiyaya hazır deyildi. Fransa turizm sahəsindən ən çox gəlir götürən dövlətlər sırasındadır. Hər il ölkəyə 10 milyon turist üz tutur. Bu sektordan gələn illik gəlir adətən 160 milyard avro təşkil edir. Ətriyyat, brend əşyalardan isə 140 milyard avro əldə olunur. Hökumət bu qərarı alandan sonra isə yalnız səhiyyə və qida sektoru çalışır. Bildiyiniz kimi Fransa sosial dövlətdir. Karantin dövründə işsizliyin verdiyi fəsadların qarşısının alınması məqsədilə 100 milyard pul ayrıldı. Müxtəlif şirkətlərdə çalışıb işə getməyən işçilər maaşlarının böyük məbləğini alırlar. Lakin uzun müddət belə yaşamaq da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı çökmək üzrədir. Odur ki, 11 may tarixindən sonra mərhələli şəkildə normal həyata dönmək planları gerçəkləşdirilir. İlkin mərhələdə bir çox iş yerləri, fabrik və zavodlar, məktəblər açılacaq. Əhalini riskə atmamaq üçün kafe və restoranlar mayın sonunda fəaliyyətə başlayacaq. İyunun sonundan isə muzeylər açılacaq. Amma istənilən məkanlarda sosial məsafə və maska taxmaq qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Bir məsələ də var ki, virusa yoluxan xəstələrin testlə yoxlanışı Fransada çox zəif şəkildə irəlilədi. Artıq hər həftə 700 min ölkə vətəndaşının koronavirus testindən keçməsi planlaşdırılır. Karantin rejimi yumşaldılandan sonra isə virusa yoluxanlar ya dövlətin ayırdığı xüsusi hotellərdə, ya da evlərində özünütəcrid şəraitində müalicə alacaqlar.

– Bəs türk qardaşlarımız bu çətin günlərdə hansı problemlərlə üzləşdilər?

– Təbii ki, burada yaşayan türklər də pandemiyanın ağırlığını hiss etdilər. Fransada koronavirusdan ölənlərin siyahısı dünən 25 minə çatdı. Onların 127 nəfəri türkdür. 66-sı Parisdə, digərləri isə başqa şəhərlərdə vəfat etdi. Ailələrin tələbi ilə ölənlərin nəşi Türkiyə Cümhuriyyətinin yolladığı xüsusi ambulans təyyarələrlə ölkəmizə çatdırılıb, orada dəfn olundu. Lakin tələblərin sayı artdıqca bu prosesi gerçəkləşdirmək maddi cəhətdən çətinləşir.

– Ölənlərin cəsədinin ailələrinə göstərilmədən yandırıldığı fərziyyələri də var.

– Xeyr belə bir şey yoxdur. Ümumiyyətlə dəfn ayinləri insanların inancları və dini mənsubiyyətinə görə həyata keçirilir. Yaxud kimsə vəsiyyət edir ki, öləndən sonra cəsədimi yandırın. Sadəcə virusun xarakteristikası haqda məlumat az olduğu üçün xüsusi tabutlar hazırlanır. Vəfat edənlər bu tabutlarda dəfn edilirlər.

– Cənab səfir, pandemiyadan ən çox zərər görənlər siyahısında həmçinin xaricdə təhsil alan tələbələr var. Fransada təhsil alan türk tələbələrin ümumi durumu necədir?

– Hazırda Fransada təhsil alan 4000-dək türk tələbə var. Onlar Türkiyədən bura oxumağa gələnlər, yaxud elə ailəsi ilə Fransada yaşayanlardır. Ali məktəblərdə dərslərin dayandırılması, əlavə iş yerlərinin müvəqqəti bağlanması tələbələrin vəziyyətini ağırlaşdırdı. Pandemiya dövründə ən çox tələbələrimizin durumu ilə maraqlandıq. Türkiyə Xarici İşlər Nazirliyinin koordinasiyası ilə 2000 tələbəmizi vətənə geri göndərməyə nail olduq. Burada qalıb, çətin vəziyyətdə olanların məsuliyyətini isə öz üzərimizə götürdük. Sən də yaxşı bilirsən ki, Fransada bir çox türk dərnəyi fəaliyyət göstərir. Onları işə cəlb etdik. Yalnız tələbələrimizə deyil, ağır durumda olan fransızlara da yardım etməyə çalışdıq. Bura həm ərzaq, həm də maddi yardım aiddir. Türk iş adamlarımız tələbələrin ev kirayələrini ödədilər. Hər şeyi dövlətimizdən gözləməməliyik. Əlimizdən gəldiyi qədər çətin durumda olan qardaşlarımıza əl uzatmalıyıq.

– İsmail bəy, düşünürəm ki, ermənipərəst Fransada diplomat olmağın öz çətinlikləri var.

– Bildiyiniz kimi sözdə soyqırım məsələsi Fransada yaşayan ermənilər tərəfindən istismar edilir. Həm də bunu elə kasad siyasi addımlarla edirlər ki, özləri də çaşıb qalırlar. 2002 və 2017-ci illərdə Fransa dövlətinin qəbul etdiyi qanun insanlara “erməni soyqırımı”na xüsusi həssaslıqla yanaşmağı tapşırsa da, istəməyənlərin məcburən qəbul etmək borcu olmadığını bildirir. Ermənilər Fransadakı təbii atmosferdən də yararlanırlar. 2005-ci ildə cənab prezidentimiz baş nazir vəzifəsində çalışırdı. Üzünü ermənilərə tutub dedi ki, gəlin, bu qlobal anlaşmazlığı tarixçilərə həvalə edək. Nə hikmətdirsə, bu təkliflə hələ də razılaşmırlar. Madam haqlısınız, nədən qorxursunuz? Bəli bir faciə yaşandı, amma zərər görən, vəfat edən yalnız ermənilər deyil axı. Bu iddia nə dərəcədə obyektivdir?!

– Cənab səfir, müxtəlif dövlətlərin siyasətçiləri ilə stabil diplomatik əlaqələr qurmaq işinizin ayrılmaz hissəsidir. Ermənilər bu baxımdan fəaliyyətinizə problem yaradırlar?

– Bəli elədir. Lakin bizim ermənilərlə heç bir siyasi ünsiyyətimiz yoxdur. Sadəcə bir hadisəni xatırlatmaq istəyirəm. Hər il 29 oktyabr Cümhuriyyət bayramında səfirliyimizin binasında gözəl tədbir hazırlayırıq. Diplomatları, millət vəkillərini, səfirləri dəvət edib, tanış oluruq, söhbətləşirik, əlaqələrimizi möhkəmləndiririk. Adını çəkməyəcəm, 2018-ci ildə düzənlədiyimiz bayrama erməni əsilli fransız millət vəkili də qatılmışdı. Təbii ki, qonaqlarımızla birgə çəkdirdiyimiz şəkilləri sosial hesablarımızda paylaşdıq. Ermənilər bu fotoları görən kimi üsyana başladılar. Deputatı o qədər ittiham etdilər ki, həyatından bezdirdilər. Şiddətlə istefasını tələb etdilər. Niyə? Çünki Türkiyənin bayramında iştirak edib. Həmin millət vəkili Fransa-Ermənistan Dostluq Dialoqunun yaradıcısıdır. Ona vətən xaini damğasını vurdular. Çünki psixoloji xəstəlikləri var. Türklər azərbaycanlılar kimi özlərinə güvənsələr, bu problemi yaşamazlar. Dialoq şəklində danışığa çağırırsan, yalnız öz yalanlarını sənə dinlətmək istəyirlər. Bu artıq monoloq olur axı. Lakin aralarında az da olsa adekvat düşünənləri də var, onlar da əsarət altındadırlar.

– İsmail bəy, həm siyasətinizlə, həm də şəxsi münasibətinizlə xalqımızın dostu olduğunuzu unutdurmursunuz. Bütün anım və bayram tədbirlərimizə qatılırsınız. Bu doğmalığınız, qardaşlığınız üçün sizə minnətdarıq.

– Rica edirəm. Türkiyə Azərbaycan münasibətlərindən danışarkən, əziz dostum, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın vəzifəsinə qarışmaq niyyətim yoxdur. Lakin bunu deyə bilərəm ki, bizim bir-birimizdən ayrımız yoxdur. Acımız da, sevincimiz də, tale yolumuz da birdir. Tez-tez əziz qardaşım Rəhman Mustafayevlə görüşük. Çörəyimizi, fikirlərimizi bölürük. Ölkələrimizin prezidentlərinin qardaşlığı, səmimiyyəti bizim üçün nümunədir. Bizim aramızda qardaşlıq borcu var. Türklərin belə bir deyimi var- iki əlim qanda olsa da. Mən də demək istəyirəm ki, iki əlim qanda olsa da, Xocalı faciəsinin anım günündə mütləq qardaşlarımın yanına tələsirəm. Xanımımla, səfirliyimizin işçiləri ilə azərbaycanlı qardaş və bacılarıma mənəvi dəstəyimi göstərirəm. Bu mənim borcumdur.

– Cənab səfir, hələlik son sualım… Fransada çox sevdiyim türk dostlarım yaşayır. Çoxu da gözəl vəzifələrdə çalışır. Lakin məni düşündürən bir məsələ var. Niyə Fransada türk qida sektoru belə inkişaf etmişkən, məktəblər, mədəniyyət evləri azdır?

– Tamamilə haqlısan. Fransada çalışan türklər qida, inşaat və digər sektorlarda çox öndədirlər. Bu da bir tərəfdən yaxşıdır. Çünki, həm mətbəximiz təbliğ olunur, həm də vətən həsrəti çəkəndə əzizlərinlə zaman keçirə bilirsən. Sən də bilirsən ki, Fransa təhsil sistemi dövlət və özəl məktəblərə ayrılır. Parisdə bir neçə özəl türk məktəbi var. Strasburqda “Yunus Emre” məktəbi fəaliyyət göstərir. Lakin dövlət məktəbi yoxdur. Biz bu tələblə artıq müraciət etmişik. Türkiyədə fəaliyyət göstərən fransız məktəblərinin burada qarşılığını istəyirik. Tezliklə tələbimizə cavab gələcəyinə ümid edirik. Almaniyada bu baxımdan vəziyyət daha ürəkaçandır. Çünki Almaniyada türklər daha öncədən məskunlaşıblar. Amma Fransa da artıq bu yolda irəliləyir. Türk xəbər saytları, media qurumları fəaliyyətini genişləndirir. Biz də ölkəmizin Fransa ilə daha sıx və mədəni əlaqələri üçün əlimizdən gələni edirik.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir