Mahnısını oxumağa qadağa qoyan Xanıma Samirədən reaksiya: “Yeni mahnı deyil ki, pul verib alım”- ÖZƏL
Nəğməkar şairə Xanım İsmayılqızı illər öncə mərhum Xalq artisti İlhamə Quliyeva üçün yazdığı “Sən nə biləsən mənim nə çəkdiyimi” bəstəsini ifaçılara oxumağa qadağa qoyub.
Sosial şəbəkə hesabında sözügedən əsərin yenidən oxunmasına etirazını bildirən X.İsmayılqızı səbəb kimi meyxanaçı Samirə Yusifqızının həmin bəstəni ifa etməsini göstərib.
“Mahnımın oxunmasına qadağa qoyuram. Hələ ki, şifahi şəkildə bildirdim”, – deyə X.İsmayılqızı yazıb.
Qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı meyxanaçı S.Yusifqızı ilə əlaqə saxlayıb.
Qadağadan xəbəri olmayan sənətçi bu bəstənin icazəsini illər öncə mərhum Xalq artisti İlhamə Quliyevadan aldığını bildirib:
“Bu əsəri oxumağa rəhmətlik İlhamə xanım özü icazə verib. Bəstənin fonoqram “minusu”nu da mənə verib. Xanım İsmayılqızının nömrəsini bilmirdim. İstəyirdim zəng vurub ondan mahnını ifa etmək üçün icazəsini alım. Amma etmədim. Fikirləşməzdim ki, o, belə etiraz edər. Bu illər öncə İlhamə xanım tərəfindən oxunmuş mahnıdır. Yeni mahnı da deyil ki, Xanım İsmayılqızına pul verib alım. Onun xətrini çox istəyirəm. İstəməzdim ki, onunla aramızda bir mahnıya görə söz-söhbət yaransın. Amma yazdığı əsərin xeyir-duasını versəydi, yaxşı olardı.
Xanımdan icazə almadığıma görə, üzr istəyirəm. Bu mənim səhvimdir. Azərbaycanda bu mahnının yenidən mənim kimi oxumağı heç kim bacarmazdı. Hər müğənni İlhamə xanımın ruhunu, nəfəsini və səs çalarlarını mənim kimi bu mahnıda göstərə bilməzdi. Az da olsa, səs tembrim İlhamə xanımın səsi ilə oxşardır. Mahnı artıq “YouTube”da var, dəvət aldığım bir çox verilişlərdə də ifa edirəm. Halallığını versəydi, gözəl olardı”.
Qeyd edək ki, bir neçə həftə öncə meyxanaçı S.Yusifqızı ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən, sözügedən “Sən nə biləsən mənim nə çəkdiyimi” mahnısını ifa edib. Bu çıxışdan sonra ikili arasında mahnı ilə bağlı qalmaqal yaşanıb.
[media=https://youtu.be/IEOT8Uz7GJ0]