Manşet Siyasət

ABŞ-ın Albukerke şəhərində 28 may Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhəri 2019-cu il 28 may tarixini Azərbaycan Milli Günü elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı şəhər meri Timoti M. Keller tərəfindən müvafiq bəyannamə imzalanıb. Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə, həmçinin ABŞ və Albukerke şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı, Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamənin sonunda 28 may tarixi Albukerke şəhərində Azərbaycan Milli Günü elan edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir