Siyasət

Azərbaycanda əhalinin neçə faizi koronadan qorxmur?

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün repsondentlər arasında sorğu keçirib və tədqiqat əsasında insanların müxtəlif qorxuları öyrənilib.

STM-dən Axar.az-a bildirilib ki, qorxu məfhumu bir çox respondentlər üçün hadisənin baş vermə ehtimalı ilə eynidir. Belə ki, bəzi respondentlər üçün qorxu baş verəcək hadisənin fəsadlarını düşünməkdən yaranır. Bəziləri üçün isə hadisənin baş vermə ehtimalının az və ya çox olmasından asılı olaraq qorxu hissi dəyişir.

Tədiqqatın sorğusunda Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1212 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.

Tədqiqatın metodoloji prinsiplərində tədiqaqat əraziləri, respondentlərin seçimi, tədqiqat metodları, sorğu anketinin quruluşu, sahə işi, sorğunun aparılması üsulu, etik prinsiplər, təlimat, məlumatların işlənməsi və təhlili qaydalarına uyğun riayət edilib.

“Qorxu İndeksi”nin icmalında qeyd olunub ki, anketdə soruşulan sual tiplərinin eyni olması nəticələrin qarşılıqlı müqayisəsinə imkan verdiyindən, nəticələrin ifadəsində orta ədəddən istifadə edilib. Orta ədəd dəyəri 1 və 5 arası olub, daha yüksək ədəd daha çox qorxunu bildirir.

İndeksin hazırlanmasında sosial-demoqrafik nəticələrin təhlilinə görə, Seçmənin 51.9%-i kişi, 48.1%-i qadınlardan ibarət olub. Rəyi soruşulanların 31.7%-i 18-33 yaş, 34.5%-i 34-49 yaş və 27.3%-i 50-65 yaş aralıqlarında olub. Əhalinin qorxularını məzmuna görə qruplaşdırsaq, soruşulan suallar vətəndaşın sağlamlığı, maddi vəziyyəti, gözlənilməz bədbəxt hadisəyə məruz qalmaq və digər məsələlərlə bağlı olub.

Ən geniş yayılmış iki qorxu mövcuddur – ailə üzvlərinin xəstələnməsi və keyfiyyətsiz ərzaqların istehlakı nəticəsində sağlamlıqlarına dəyə biləcək ziyana görə mövcud olan qorxu. Hər iki hadisədən əhalinin 70%-dən çoxu bu və ya digər dərəcədə qorxur. Respondentlər ailə üzvlərinin xəstələnməsindən (72%) daha çox qorxur, nəinki özlərinin xəstələnməsindən (46%). Bu nəticəni belə izah edə bilərik ki, sorğuda əsasən gənclər və orta yaş qrupuna aid insanlar iştirak edib və böyük ehtimalla ailələrində daha yaşlı insanların olması respondentlərdə ailə üzvlərinin xəstələnməyinə dair qorxunun mövcudluğuna səbəbdir. Maraqlıdır ki, daha aşağı yaşlı insanlar özünün xəstələnməyindən daha çox qorxurlar (F(5)=3.47, p<0.01). Başqa sözlə, yaşlı insanlar xəstələnməkdən daha az qorxur. Qadınların xəstələnməklə bağlı qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir (t(1191)=4.634, p<0.01, orta ədəd dəyərləri – 2.38 – qadın və 2.05 – kişi).

Diqqət çəkən məqam odur ki, respondentlərin yarısı (51.6%) COVID-19-a yoluxmaqdan heç qorxmur. Müqayisə üçün deyək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2020-ci ilin mart ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, əhalinin 44.9%-i COVID-19-a yoluxmaqdan heç qorxmadığı halda, 27.5%-in qorxu dərəcəsi az olub. Beləliklə, qorxmayanların səviyyəsində müəyyən artımın olduğunu müşahidə edə bilərik. Lakin çox qorxanların göstəricisində 10% azalma baş verib. Demoqrafik göstəricilərdən yalnız gender amili COVID-19-a yoluxmaq qorxusu ilə korrelyasiya təşkil edir. Belə ki, qadınların qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir ((t(1193)=3.226, p<0.01, orta ədəd dəyərləri – 2.14 – qadın və 1.92 – kişi). Qorxunun azalmasının əsas səbəbi mövcud şəraitə alışmaqdır.

COVID-19 pandemiyasına yoluxmaqdan qorxanlarla yanaşı, pandemiyanın ikinci dalğasının baş verə biləcəyindən qorxanlar da o qədər çox deyil. Belə ki, pandemiyanın ikinci dalğasından çox qorxanlarla, heç qorxmayanlarin faiz nisbəti bərabərdir (müvafiq olaraq ”çox qorxuram” deyənlər 35.2%, ”heç qorxmuram” deyənlər 35.3%). Ümumilikdə respondentlərin 57,6%-i ikinci dalğanın baş verməsindən qorxduğu halda, 38,5%-i qorxmur.

STM digər qorxular sırasında qəzaya düşmək və cinayət xarakterli təhdidlərə məruz qalmaq qorxusu, cinayət xarakterli təhdidlərdən qorxu, təbiət hadisələrinin baş verməsindən qorxu kimi tendensiyaları da araşdırıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir