Anews.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi. Çex Respublikası Prezidentinin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin genişlənməsinin də münasibətlərin inkişafına töhfə verdiyini dedi. Dövlətimizin başçısı iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək Çex Respublikası Hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini dedi və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli keçəcəyinə və əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyi ifadə etdi.
Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində uğurla inkişaf etdiyi vurğulandı və eyni zamanda, hökumətlərarası birgə komissiyanın işinin fəallaşdırılmasının vacibliyi qeyd olundu.
Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş etdi.