Siyasət

Prezident: Biz bilirik o pullar ora hardan axıb…

İndiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq. Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı deyib.

“Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar – quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir.

Son hadisələr nəyi göstərir? Siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər. Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır. Ondan sonra zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, – bir fond yaradıblar, – o pulları fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Yəni, bu gün Ermənistanın baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Baxın, bunların maliyyə imkanları iki il bundan əvvəl nə idi, indi nədir. Ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır. İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara – özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır. Ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır”, – dövlət başçısı bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir