Cəmiyyət

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır”

“Karantin rejiminin pozulması həm də mədəniyyət məsələsidir, cəmiyyətə hörmətsizlikdir”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Yeni TV”nin efirində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xüsusi karantin rejimində yas və toy mərasimi keçirən, hovuzlarda istirahət edən vətəndaşlarla bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycanda hüzür məclislərinin keçirilməsi ilə bağlı yaxşı ənənə var. Deputatın fikrincə, bu, o demək deyil ki, ağır bir məqamda çadır qurub, insanları ora dəvət edəsən.

“Sən yüzlərlə insanın xəstələnməsinə bais olursan. Sən o yası verirsən ki, gəlib ölünə rəhmət oxusunlar. Əgər bu rəhmət olmayacaqsa, əvəzində insanlar xəstəliyə tutulacaqsa, ölünün ruhu da dinc olmayacaq”, – deyə M.Quliyev əlavə edib.

Millət vəkilinin sözlərinə görə, qanun hər yerdə birincidir və vətəndaş ona riayət etməlidir:

“Telefonla, sosial şəbəkə vasitəsilə, qəzetdə də başsağlığı vermək olar. İnsanlar yasa toplaşmaqla, ehsan verməklə, nə Allahın ölüyə münasibəti dəyişəcək, nə də ölünün yeri yumşaq olacaq”.

M.Quliyev “Fairmont Bakı” hotelində karantin rejiminin pozulmasından da danışıb:

“Bu, bir tərəfdən ola bilsin ki, məsuliyyətsizlikdir. Digər tərəfdən isə qudurğunlaqdır. Bu, cəmiyyətə meydan oxumaqdır. Belə bir vaxtda sən gedib bayram edirsənsə, bu, nonsensdir. Burada bayram əhval-ruhiyyəsi yoxdur. Camaat koronavirusla ölüm-dirim mübarizəsi aparır. Deyirsən ki, mən gedib hovuzda dincəlməliyəm. Bu mənəviyyat məsələsidir, qınanmalıdır”.

Qeyd edək ki, iyunun 5-də “Fairmont Bakı” otelində xüsusi karantin rejimi qaydalarına əməl edilməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan videoda əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir