Cəmiyyət

Karantin uzadılsın, yoxsa? – Narahatlıq eyni, rəylər müxtəlifdir

Paytaxt Bakıda karantin qaydalarının nə qədər effektiv olduğunuı söyləmək üçün yalnız bu şəhərdə yaşamaq kifayət edir.

Nazirlər Kabineti vətəndaşların 2 saatlıq SMS icazəsi ilə küçəyə çıxmasına icazə versə də, şəhərdəki tixaclar, ictimai nəqliyyatdakı sıxlıq kiminsə bu müddət ərzində problemlərini yoluna qoymasını mümkünsüz edir.

Qohumların belə 5 nəfərdən artıq toplaşmasına icazə verilmir, ad günləri, kiçik məclislərə görə cərimələr tətbiq edilir. Lakin səlahiyyətlilər 30-40 nəfər sərnişinin “ağız-ağız”a yol getməsində problem görmür. Virusa yoluxma sayi isə demək olar ki, azalmır.

Belə olduqda nə etməli, xüsusi karantin uzadılmalı, yoxsa yumşaldılmalıdır?

“İşlər düzgün qurulmayıb”

AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə Cebhe.info-ya bildirib ki, indiki şərtlərlə xüsusi karantinin uzaldılmasının ciddi effekti olmayacaq:

“Çünki işlər düzgün qurulmayıb. Aprelin əvvəlində tətbiq edilən karantin daha da uğurlu idi. Ondan sonra verilən qərarlar səhv oldu. Hazırda yayılmanın artmasına səbəb səhv qərarların nəticəsi olmaqla yanaşı, vətəndaşlarımızın da bigənəliyidir. Karantin metronu bağlayıb, insanları avtobusda sıx formada daşımaqla olmur. Karantin davam etsin, amma bu cür qaydalarla yox. Qaydalarda dəyişiklik olmalıdır. Hazırkı reallıq heç də yoluxmanı azaltmayacaq. Karantin 10 gundən sonra götürülsün və yalnız qaydalar tətbiq edilsin. Vətəndaşlar da məsuliyyətli olmalıdır”.

“Bakını seyrəltmək lazımdır”

AFN.az saytının Baş direktoru Həbibə Abdulla hesab edir ki, karantin davam etməlidir:

“Məncə, yumşaltmaya getmək hələ tezdir. Qaydaları sərtləşdirməklə müəyyən addımlar atmaq olar. Məsələn, uzun müddətdir ekspertlərin də dediyi kimi, əsas yoluxma mənbəyi olan Bakını seyrəltmək lazımdır. İnsanların testdən keçərək, 30 gündən tez qayıtmamaq şərtilə rayonlara getməsinə icazə vermək olar. İnsanların dörd divar arasında qalaraq koronavirus qədər təhlükəli olan D vitamini çatışmazlığı, nevroloji problemləri “qazanmasına” səbəb olmaqdansa, dənizə getmələrinə şərait yaratmaq olar. Yenə eyni qaydada, testdən keçirərək, qızdırmalarını ölçərək çimərliklərdə istirahətinə icazə verilməlidir. Təbii ki, qaydalar sərtləşdirilirsə, ilk növbədə insanlar maddi cəhətdən təmin olunmalı, yardım proqramları genişləndirilməlidir. Maddi təminatı olan insanlar evdən bayıra çıxmayacaq, qərar verənlər buna əmin olsunlar. Çox yaxşı olardı ki, Operativ Qərargah vətəndaş cəmiyyəti ilə, tanınmış ekspertlərlə məsləhətləşmələr aparsın, səslənən təklifləri “qulaqardına” vurmasın. Əks halda, Ramin Bayramlı demişkən, payızda müxtəlif respirator xəstəliklərin yayılan vaxtında vəziyyət daha acınacaqlı olacaq. “Korona” əlamətlərinə oxşar simptomları olan qrip virusları ötən payız da çox yayılmışdı. Onda COVID-19 da yox idi, belə ajiotaj da. Ona görə insanlar təlaşlanmırdılar. Bu dəfə isə onsuz da bərbad olan səhiyyə sistemimiz o axının qarşısında dayana bilməyəcək. Bütün bunlara əsasən, hələlik ciddi yumşalmaya gedilməsini düzgün hesab etmirəm”.

“Avtobuslarda “korona” yox, lap “koronanın babası” da xortlayıb, gəlib bizi yoluxduracaq”

Həkim pediatr Vaqif Qarayev bildirib ki, yoluxma zəncirinin qırılması üçün karantin çox vacibdir:

“Bu baxımdan, mart-aprel ayında tətbiq olunan karantin daha yaxşı idi. Doğrudur, o vaxt hələ Azərbaycanda yoluxma tuğyan etmirdi, amma nəzarət güclü idi. Şəxsən mən həkim olaraq, həmin vaxt karantinin yumşaldılmasını doğru hesab etmirdim. “Mall”ar, kafe-restoranlar açılmamalı idi. Hökumət onların açılmaması üçün sahibkarlara, işçilərə maddi yardım etməli idi. İndiki karantin isə karantin deyil. Avtobuslarda vəziyyət göz qabağındadır, rəsmilər özləri də deyir ki, yoluxma əsasən iki məkanda daha çox olur – ictimai nəqliyyatda və marketlərdə. Onların heç birində nəzarət yoxdur. Avtobuclara baxsaq, başa düşərik ki, orda korona yox, lap “koronanın babası” da xortlayıb, gəlib bizi yoluxduracaq. Nəzarət yoxdursa, bunun adı niyə karantin qoyulur? Mən getdiyim yerlərdə karantin görmürəm. Bunu yumşaltsalar nə olacaq ki, sərtləşdirməyin isə tərəfdarı olmaq mümkün deyil. Sadəcə, bu şəraitdə nəzarəti gücləndirmək lazımdır ki, yoluxma sayı aşağı düşsün”.

Pediatr karantinin uşaqların orqanizminə zərərlərindən də danışıb:

“Uşaqlar hava, günəş görməli, qaçıb, oynamalıdırlar ki, onların orqanizmi inkişaf etsin. Bu, həm fiziki, həm də psixoloji cəhətdən vacibdir. Hələ aprel ayında bildirmişdim ki, parklar açılsın, uşaqlar həm polis, həm də valideyn nəzarətinə ora buraxılsınlar”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir