Bu gün Azərbaycanın görkəmli ictimai xadimi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin vəfatından 96 il ötür.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. O, kiçik yaşlarında fəhləlik edib, 15 yaşından bənnalığa başlayıb. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınıb. Müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib.
Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı Qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.
Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən oldu. Hacı Zeynalabdin Tağıyev Azərbaycanın görkəmli ictimai xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biridir.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradır. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyəçilərinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, kəndlərdə neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və tikintini buraxaraq, neft hasilatı ilə məşğul olur.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 min ton) neft hasil edir.
Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk Qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar və 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası Azərbaycan memarlığının milli-romantik üslubunda tikilib. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir.
İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey SSRİ-nin maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
1924-cü il sentyabr ayının 1-də vəfat edən Tağıyev öz vəsiyyətinə uyğun olaraq Mərdəkan qəsəbəsində torpağa tapşırılıb.
Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi və milyonçu kimi daxil olub. Tağıyev ölkəmizdə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi.
Neft işi ilə məşğul olduqdan sonra ölkəsinin ən varlı insanlarından birinə çevrildi. Çox sayda imkansız uşağın təhsil haqqını verib, onları oxutdu. Məktəblərə yardım etdi. Bakıda ilk sənət məktəbini açdı. Qubadan Bakıya su kəməri çəkdirdi. Mərdəkanda elektriklə işləyən dəyirman tikdirdi. Bu, Hacı Zeynalabdin Tağıyevin millətimiz üçün gördüyü işlərin yalnız bir qismidir. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri qızları təhsilə cəlb etməsidir.