Ekspert bu qədər yağın kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama şəklində istehlak edildiyini istisna etməyib.
“Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır, çox güman ki, palma yağı kərə yağı adı altında istehlakçılara satılır” – deyə ekspert əlavə edir.
Məsələyə münasibət bildirən Qida Təhlükəsizlik Agentliyinin şöbə müdiri Mansur Piriyev bildirdi ki, Azərbaycana idxal olunan bütün qida məhsulları risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur və onların müvafiq qanunvericiliyə uyğun şəkildə yoxlanışı həyata keçirilir.
Mansur Piriyevin sözlərinə görə, palma yağı və tərkibində palma yağı olan məhsullara da baxış keçirilir, əgər onlar standartlara uyğundurlarsa, idxalına icazə verilir.
“Palma yağları həm texniki vasitələr üçün, həm də məişətdə istifadə etmək üçün istehsal olunur. Məişət üçün istehsal olunan palma yağlarının sağlamlığa zərər verməsi ilə bağlı heç bir elmi əsas yoxdur. Bu yağlardan istifadə etmək uyğundur. Amma söhbət texniki vasitələr üçün nəzərdə tutulan palma yağlarından gedirsə, təbii ki, bunların məişətdə istifadəsi yolverilməzdir” – deyə Mansur Piriyev bildirib.
Onun sözlərinə görə, hətta məişət üçün nəzərdə tutulan palma yağı da 200 dərəcə istilikdə qızdırıldıqdan sonra insan orqanizminə ziyanlı olur.
Agentlik rəsmisi bildirib ki, bütün bunlara baxmayaraq, əgər kimsə palma yağlarının tərkibi ilə bağlı hər hansı bir narahatlıq keçirərsə, agentliyin qaynar xətti var, ora müraciət etsin, hardan alması ilə bağlı məlumat versin və bir daha həmin məhsul labarator müayinəyə cəlb olunsun, nəticələrə uyğun olaraq həmin vətəndaşa məlumat veriləcək.