ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycan səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarda guya Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək, bunun Sovetsayağı təbliğat olduğunu bildirib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır.
Səfir “Waşinqton Post” və digər mətbu orqanlarda yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də, döyüşlərin başlamasından bir ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb.
“Azərbaycan silahlı qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur”, – deyə səfir bildirib.
E.Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və “tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.
Sözügedən məqalə ilə https://www.washingtontimes.com/news/2020/nov/1/elin-suleymanov-azerbaijan-ambassador-denies-syria/?fbclid=IwAR1v6-kdJPf-qhir3JJ6ek9BTAqATbYDERJRvuMdkO4OQC9PNJYmMeI4DBg internet səhifəsindən tanış olmaq mümkündür.
Eyni zamanda, nüfuzlu “Neweek” jurnalına ABŞ-dakı prezident seçkilərini şərh edən səfir Süleymanov bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək administrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır.