KOBİA menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlar üçün müsabiqə elan edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2021-ci ildə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edilir.
Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin virtual ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Proqram ingilis dilində olacaq. Namizədlərdən ali təhsilli (bakalavr və ya magistr dərəcəsi), menecment sahəsində ən az bir il iş təcrübəsinə sahib olmaları tələb edilir. Eyni zamanda, yaş həddi 45-dən çox olmamalı, yaxşı səviyyədə ingilis dilini bilməli, yüksək ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalıdırlar.
Müvafiq tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. 2020-ci ilin noyabr ayında GİZ-in mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə onlayn müsabiqə keçiriləcək.
Kurs iki mərhələdən ibarət olacaq: Treninqlər və təcrübə proqramı.
Treninqlər zamanı iştirakçılar praktiki idarəetmə vərdişlərini qazanacaq, təcrübə proqramı zamanı isə alman şirkətləri ilə virtual formatda təcrübə imkanı qazanacaq, işgüzar əlaqələrin qurulmasına yiyələnəcəklər.
İxtisasartırma kursu ödənişsizdir və kursu uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.
Proqramda iştirak etmək istəyən namizədlərdən linkdə qeyd olunan sənədləri 22 noyabr 2020-ci il tarixinədək ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “[email protected]” e-mail ünvanına (mövzu yerinə “Almaniyada ixtisasartırma kursu” yazmaqla) göndərmələri xahiş olunur.
Mövcud pandemiya şəraitinə uyğun olaraq ixtisasartırma kursunu uğurla başa vuracaq iştirakçıların Almaniyaya səfərləri də nəzərdə tutulur.