Cəmiyyət

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə müharibə cinayətlərinin qurbanı olub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və səlahiyyətli digər beynəlxalq və regional təşkilatlara müraciət ünvanlanıb.

Ombudsmandan verilən məlumata görə, fərdi şəkildə ünvanlanmış müraciətlərdə bildirilib ki, Ermənistan silahlı qüvvələri yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirib. Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törətdilmiş barbarlıq aktları faktlar əsasında diqqətə çatdırılıb.

Ombudsman Səbinə Əliyevanın müraciətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir