Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Madriddə rəsmi qəbul keçirilib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən 28 May–Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Madriddə rəsmi qəbul mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbirdə, həmçinin İspaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da qatılıb.
Təntənəli mərasimdə əvvəlcə İspaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövrdə digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, 1920-ci il Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınmasına nail olunduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan edib.
Diplomat diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyinin ilk illərində daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan ərazisinin 20 faizi işğal edilib və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. “Azərbaycanın bu ağır dövründə xalqımızın təkidi ilə ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdıb, Ümummilli Liderin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olundu, 1994-cü ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs əldə edildi. Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edildi, bunun məntiqi nəticəsi olaraq, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı qınanmış, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyini bir daha təsdiq edilmiş və işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur”,- deyə səfir vurğulayıb.
Anar Məhərrəmov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarıb, məhz bu kursu rəhbər tutan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xarici siyasətlə yanaşı, fəal iqtisadi və maliyyə diplomatiyası həyata keçirib, irimiqyaslı enerji layihələrinin reallaşmasına öz töhfəsini verib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrilib, hazırda ölkəmiz iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunu rəhbər tutaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, digər dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə uyğun olaraq öz fəaliyyətini uğurla həyata keçirir.
Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir. 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə şərait yaratmaqla, mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət edir.
Anar Məhərrəmov çoxtərəfli diplomatiya sahəsində ölkəmizin beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. Diplomat Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı və digər təşkilatlarla əməkdaşlığının yüksək səviyyədə olmasından bəhs edib.
İspaniya-Azərbaycan ikitərəfli əlaqələrindən danışan səfir ölkələrimizin beynəlxalq gündəlikdə duran bir çox məsələdə eyni mövqedən çıxış etdiyini, bir-birinin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirilib.
Daha sonra çıxış edən İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin baş direktorunun müavini Xorxe Urbiola Lopes de Monteneqro 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, parlamentli respublika olduğunu bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətində etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqlarının təmin edildiyini, bir çox Qərbi Avropa dövlətlərindən daha əvvəl – 1918-ci ildə qadınlar seçki hüququnun verildiyini diqqətə çatdırıb.
Bildirilib ki, İspaniya Krallığı 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkələrdən biri olub.
Xorxe Urbiola çıxışının sonunda İspaniya Krallığı Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq nazirinin Azərbaycan Respublikasının Xarici İşlər naziri başda olmaqla, ölkəmizin diplomatik xidmət orqanlarına səmimi təbrikini çatdırıb.
Daha sonra İspaniyanın Kraliça Sofiya Ali Musiqi Məktəbinin məzunu, həmyerlimiz Kamran Ömərli tərəfindən skripkada, pianoçu İzem Gürerin müşayiəti ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və tanınmış ispan bəstəkarı Manuel de Fayanın “İspan rəqsi” əsərlərindən musiqi parçaları səsləndirilib.
Tədbirdə yaradılmış guşədə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik və dahi şairimiz İmadəddin Nəsiminin 650 illik yubileylərinə həsr olunmuş, səfirlik tərəfindən çap etdirilən buklet və İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, habelə ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyinə ithaf olunmuş geniş, şəkilli məqalənin dərc edildiyi İspaniyanın nüfuzlu “Diplomacia Siglo XXI” (Diplomatiya XXI əsr) jurnalının aprel ayı buraxılışının, həmçinin “İRS” jurnalının ölkə diplomatiyasının 100 illiyi ilə bağlı xüsusi buraxılışının təqdimatı keçirilib.
Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadıb, ölkəmizin tarixini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən guşəyə baxıblar.