Manşet

Qondarma respublikanı tanımaq istəyən Paris merinin ermənilərlə əlaqələri – DOSYE

Fransa tərəfi Azərbaycanın haqlı mübarizəsinə kölgə salmağa davam edir.

Əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma Dağlıq Qarabağ Respublikasını tanımağa hazırlaşır. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiya verildiyi şübhə doğurmur. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.

Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. İdalqo həm də Paris Şurasına rəhbərlik edir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti Emanuel Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur. Bu məqam da meriyanın məlum qərarında müəyyən rol oynayır. Baxmayaraq ki, təşəbbüsün İdalqonun özü tərəfindən gəldiyi bildirilib.

Bəs tam adı Ana Maria İdalqo Aleu olan siyasətçi kimdir?

61 yaşlı xanım ispan mənşəlidir və İspaniyanın Əndəlus əyalətinin San Fernando adlı şəhərində doğulub və iki yaşı olanda ailəsi Fransaya köçüb. 2014-cü ildən Parisin meridir. 1994-cü ildən Sosialist Partiyasının üzvü olan İdalqo ermənilərlə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Bu xanım fransız ermənilərinin təşkilatı CCAF-ın (Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası) rəhbəri Jan-Mark Ara Toronyanın qızıdır.

İdalqonun Ermənistanla da əlaqələri var. O, 2015-2018-ci illərdə Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub.

Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak edib (Makron da həmçinin). O, Fransada erməni kilsəsinin açılışında iştirak edib, qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb, İrəvanın yubileyi ilə bağlı keçirilən tədbirin iştirakçısı olub.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Parisdə mer seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniya başladılıb. Kampaniyanın başında isə erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.

Xatırladaq ki, Fransa ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Fransa XİN-i ardıcıl üç dəfə Azərbaycan əleyhinə bəyanatlar verib.

Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib.

Halbuki bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində (Əlcəzair, Mərakeş, Tunis kimi ölkələrdə) Fransa sabitliyi pozmağa cəhd edən dövlətdir. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır.

Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla insanı məhv edib. İndi isə Fransa erməni əhalisinin qayğısına qalan bir dövlət kimi özünü aparmağa çalışır. Bəşəriyyət hansı ölkənin keçmişdə hansı cinayətləri törətdiyi də yaxşı bilir. Buna görə də Fransanın münaqişə zamanı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən ciddi qarşılanmadı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir