Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başladı. Həmin vaxt ölkəmizdə müxtəlif təxribatların qarşısını almaq üçün komendant saatı elan olunub. Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ Azərbaycanda komendant saatının bitəcəyi və döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.
Bununla bağlı danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, komendant saatı ilə bağlı məsələ cənab prezidentin səlahiyyətində olan məsələdir:
“Nə qədər ki, hərbi vəziyyət davam edərsə, komendant saatı da davam edəcək. Komendant saatı hərbi vəziyyətə əməl edilməsində istifadə olunan meyarlardan biridir. Ona görə də hərbi vəziyyət davam edənə qədər komendant saatı da qüvvədə qalacaq. Açığı komendant saatının nə zaman ləğv ediləcəyi ilə bağlı fikir səsləndirməkdə çətinlik çəkirəm. Bu məsələ ali rəhbərliyin səlahiyyətindədir. Bununla bağlı daxil olan bütün informasiyalar, mövcud vəziyyət təhlil olunur və ondan sonra qərar verilir. Ali Baş Komandan nə zaman uyğun görərsə, o zaman komendant saatının ləğv edilməsi ilə bağlı fərman imzalanacaq”.
(sonxeber)