Manşet

Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etdi

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir.

1990-cı ilin əvvəlində Ermənistanın Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb oldu. Ermənistan ordusu Dağlıq Qarabağ Muxtar Vilayətini işğal etdi. Beləliklə 1991-ci ilin sonu 1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Həmin illərdə Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.

1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində Azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, hətta əsir düşməsi ilə nəticələnmiş, şəhər tamamilə dağıdılmışdır. 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.

Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon-Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının da bir neçə kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, hərbi əməliyyatlar dövründə 20 min nəfər həlak olub, 50 minə yaxın nəfər isə əlil olub. Bu münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb. İki mindən çox azərbaycanlımız da ermənilər tərəfindən əsir və girov götürülüb.

Ermənistan Azərbaycan münaqişəsinin həllinə dair bir çox danışıqlar aparılsa da, Azərbaycan xalqı daim regionda sülh və təhlükəsizliyin tərəfdarı olsa da, həmçinin bu münaqişə İslam Əməkdaşlıq Təşkilatı, çərçivəsində dəfələrlə müzakirə edilsə də, Ermənistan heç vaxt çirkin əməllərindən əl çəkməmişdir. Elə 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan həmişə olduğu kimi hərbi təxribata əl ataraq aprel ayının 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Bu hücum nəticəsində də Azərbaycan əhalisinin bir

neçəsi həlak olmuş, bir çoxu isə ağır yaralanmışdır. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri öz növbəsində düşmənə layiqli cavablar verib, əks-həmlə nəticəsində starteji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Məhz bu aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olundu.

2017-ci ildə də Ermənistan siyasi və hərbi təxribatlarını davam etdirmişdir və ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub.

Bildiyimiz kimi tarix boyu Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olub, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa, həmçinin Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışıb.

Mənfur düşmənimiz olan Ermənilər öz çirkin və işğalçı əməllərindən əl çəkməyərək yenidən 2020-ci il 12 iyul tarixində qərəzlə Tovuz rayonu istiqamətində mülki infrastrukturu və dinc əhalini hədəfə alır, həmçinin gərginlik coğrafiyasını genişləndirir. Sözsüz ki, Ermənistan bu təcavüzkar hərəkətinin adekvat cavabını aldı. Lakin çox təəssüflər olsun ki, bu ağır döyüşlərdə də Azərbaycanın igid oğulları torpaq uğrunda şəhid oldu. Həmin igidlərimiz bunlardır: General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və bir neçə gizirimiz də həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Lakin Azərbaycan xalqı bu igid oğullarımızın qanlarını yerdə qoymadı. Elə 2020-ci il 27 sentyabr Ermənistan Silahlı Qüvvələri cəbhə zonasında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Bu iki dövlət arasında olan qarşıdurma qısa müddətdə alovlandı və İkinci Qarabağ müharibəsinə çevrildi. Ermənistan güclü ordumuzun qarşısında duruş gətirə bilmədiyindən atəşkəs istədi. Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuşdur.

Atəşkəsin səhəri günü oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən bombalandı.

Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Onu da qeyd etmək lazımdır ki, Gəncə şəhəri iki dəfə ermənilər tərəfindən bombalanmışdır.

Bununla kifayətlənməyən Ermənistan Bərdə rayonunu da güclü raket atəşinə tutaraq dinc əhaliyə və mülki infrastruktura ciddi ziyan vurmuşdur.

Ermənistanın etdiyi bütün bu vəhşiliklərə baxmayaraq Azərbaycan xalqının əzmi qırılmadı, əksinə gün-gündən daha da güclənən ordumuzun igid əsgərləri düşmən üzərinə əzmlə, rəşadətlə irəliləyərək mənfur düşmən üzərində qələbə çalaraq, illərlə işğal altında olan torpaqlarımızı qanları, canları bahasına mənfur düşmən işğalından azad etdilər.

Hazırda dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurlara hakim kəsildi, həmçinin milli birlik və həmrəylik özünü göstərdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Ölkə başçımızın rəhbərliyi ilə Azərbaycan inanılmaz uğurlara imza atmışdır. Elə bunun bariz nümunəsidir ki, 30 il işğalçı qonşu ilə mübarizə aparan Azərbaycan ikitərəfli siyasət yürüdən və öz məkrli məqsədləri üçün ona mane olmağa çalışan dövlətlərlə qarşı-qarşıya dayandı, siyasi mübarizədə də qalib gəldi. Lakin mənfur, xain düşmən tərk etdiyi əraziləri də hər zaman olduğu kimi, xaincəsinə dağıtmaqla, məhv etməklə təskinlik tapdı. Onlar bununla da öz vəhşiliklərini və necə qorxaq, necə aciz bir xalq olduqlarını bütün dünyaya göstərdilər.

Sözün əsl mənasında Azərbaycan dövləti, Azərbaycan xalqı bu gün şərəfli tarixi günlərini yaşayır. Bütün bu şanlı, şərəfli günlərimizə görə başda müzəffər Ali baş Komandanımız Cənab Prezident İlham Əliyev olmaqla, rəşadətli Azərbaycan ordusunun igid oğullarına minnətdarıq.

Buna görə də indi hər bir azərbaycanlı bu ifadələri böyük qürur hissi ilə söyləyir: “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Bütün Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

İmza: Müxbir Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir