Azərbaycanın üç idmançısında koronavirus aşkarlandı: Millimiz Avropa çempionatından geri çəkildi
Kişi idman gimnastikası üzrə yığma komandamızın üç üzvünün koronavirusa yoluxması səbəbindən, yığma komandamız bu gün Türkiyənin Mersin şəhərində başlayacaq və dekabrın 13-də başa çatacaq Avropa çempionatında iştirak etməyəcək.
Azərbaycan Gimnastika Federasiyasının saytının məlumatına görə, bütün nümayəndə heyəti Mersinə yola düşməmişdən əvvəl koronavirusa görə testdən keçib və bütün üzvlərinin nəticəsi neqativ olub.
Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrarən test keçirir. Təəssüflər olsun ki, üç gimnastımızda artıq Mersində götürülən testin nəticəsi pozitiv olub. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar.
Nümayəndə heyətimizin digər üzvlərində Mersində ardıcıl olaraq götürülümş iki testin nəticəsi neqativ çıxdığından, onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər. Virusa yoluxmuş şəxslər arasında həm gənc, həm də böyük idmançılar olduğundan və testləri neqativ çıxmış gimnastların da onlarla təmas etməsi səbəbindən, təəssüflər olsun ki, yığma komandamız yarışlarda iştirak etməmək məcburiyyətində qalıb.
Xatırladaq ki, komandamız Türkiyəyə böyüklərdə Murad Ağarzayev, İvan Tixonov, Sərvər Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov, yeniyetmələrdə Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov və Ramin Dəmirovdan ibarət heyətlə yola düşmüşdü.
Qeyd edək ki, idman gimnastlarımızın növbəti yarışı 21-25 aprel tarixlərində İsveçrənin Bazel şəhərində keçiriləcək Avropa çempionatı olacaq.