Son dövrdə ailələrdə boşanma hallarının artması cəmiyyətdə bir çox insan kimi psixoloji xidmət göstərən mütəxəssisləri də narahat edir, onları düşündürür. İstər fərdi, istər ailə və cinsi münasibətlərdə yaşadıqları narahatlıqlara görə müraciət edən insanlarda görülən odur ki, yaşanılan problem çox ciddi bir səviyyəyə çatır, sonra çıxış yolu axtarılır. Təəssüf ki, ailələrdə də boşanmanın bir addımlığında bir şans və ya çıxış yolu olaraq konsultasiya seçilir. Ailə münasibətlərində ən sıx qarşılaşılan problem cütlük arasında düzgün ünsiyyətin qurula bilməməsidir. Ünsiyyətə təsir edən şəxsi və ictimai keyfiyyətlər olduğu kimi, günümüz şərtlərində ən əhəmiyyətli faktor – texnoloji vasitələrin (mobil telefon, tablet, kompüter) istifadəsidir.
Yeniavaz.az bildirir ki, sağlam ailənin xüsusiyyətlərindən biri səmərəli ünsiyyətin olmasıdır. Səmərəli ünsiyyət olmadığı zaman iki yad insan sanki bir yerdə məcburi yaşamış kimi olur. Ünsiyyətin məqsədi başa düşülməkdir. Əgər tərəflər bir birlərinin duyğu, düşüncə, və davranışlarını başa düşmürlərsə aralarında soyuqluq, qopma, uzaqlaşma yaşanması qaçınılmazdır.
Günlük yaşantımıza baxsaq, xüsusilə mobil telefon və tabletlərin insanlarda ciddi şəkildə asılılıq yaratdığını görə bilirik. İstər ictimai yerlərdə istər xüsusi yerlərdə telefonsuz olarkən sanki bir şeyin əksik olduğu hissi yaşadır bizə. Təbii ki, iş və ya ehtiyac daxilində telefon və tablet kimi vasitələr istifadə olunur. Amma ehtiyac olmadığı halda belə əldən düşməyən mobil telefonlar ünsiyyətə ciddi maneədir. Mobil telefon və tabletlərin pəncərəsindən cazib görsənən yaşantılar partnyorların bir birlərindən gözləntilərinin dəyişməsinə səbəb olur. Bəzi hallarda isə telefon ve tabletlər partnyorlar üçün “sığınma yeri” olur sanki. Bir birindən küsən partnyorlar əlinə telefonu alıb evin bir küncündə oturmağı və tabletin pəncərəsindən həyata baxmağı seçirlər ki, bu da partnyorlar arasında münasibəti ciddi şəkildə təhdid edir. Danılmaz bir gerçək var: Ünsiyyət münasibəti bəsləyir. Ünsiyyət pozulduğunda partnyorlar ehtiyac duyduqları sevgi və yaxınlığı bir birlərindən ala bilmirlər. Sosial mediya vasitəsilə emosional aldatma, yeni partnyor axtarışı, söhbət, sanal aldatma kimi hallar da yaşanıla bilir. Yəni evdə ola ola bir birlərini aldatma halı yaşanıla bilir. Bəzi insanlar virtual aldatmanı qəbul etməyib sadəcə fantaziya və ya “elə belə vaxt keçirmək” adlandırması da ipin ən incəldiyi yerdir.
Evin girəcəyində, qapının yanında telefona bir yer ayırın: telefonu evə girərkən ora qoyun. Necə ki, ayaqqabını evə girərkən çıxardırıq, eyni zamanda telefonu da ona ayırdığınız yerə qoyun sonra evə girin. Partnyorunuzla keçirdiyiniz xüsusi zamanlarda (bir birinizlə söhbət edərkən, partnyorunuz sizinlə hər hansısa önəmli bir məsələni paylaşarkən, cinsi münasibətdə olarkən) telefonu söndürün.
Nə qədər kompüter və mobil telefon, tablet kimi vasitələr artsa da televizor da yenə ailədə önəmli yerə sahibdir. Bəzən ailələrdə heç söndürülməyən, səhərdən axşam yatana qədər açıq olan televizorlara rast gəlinir. Salon, masa dizaynı evdə “ən əhəmiyyətli” bir vasitə olan televizora görə dizayn olunaraq sanki olmazsa olmaza bağlanılır məsələ halına gətirilir. Televizor da partnyorların ünsiyyətinə əngəl ola bilir. Cütlüklər televizoru hər zaman açıq saxlamamalıdırlar. İzləyəcəkləri bir proqram varsa onu izlədikdən sonra televizor söndürülməlidir. Yəni hər ailəni ntelevizor seyretmə politikası olmalıdır, hər şeyə yox müəyyən seçilən proqramlara baxılmalıdır.
Fiziki olaraq bir yerdə olub, emosional olaraq bir yerdə olmayan bir çox ailə yaşantısı qarşımıza çıxmaqdadır. Birlikdə olmasına baxmayaraq partnyor yalnızlıq, dəyərsizlik, çatışmamazlıq duyğuları yaşayır və müəyyən zaman sonra aralarında soyumalar artır və uzaqlaşırlar. Cütlüklər bir birlərinə vaxt ayırıb səmərəli ünsiyyət qurarlarsa kəşf edəcəkləri bir çox yönlərini tapacaqlar.