Fotoda işarə ilə göstərilən talvar qanunsuz quraşdırılıb. Sahəsi 80 kv.metrə yaxın olan talvarı “Lalə” kafesinin sahibi quraşdırıb, həm də yolu bağlayıb. Bununla da həm tikinti qanunvericiliyi, həm də yanğın təhlükəsizliyi qaydaları pozulub, bu barədə Anews.az-a sakinlər məlumat verib.
Bura Bakının 9-cu mikrorayonu, Adil Məmmədov küçəsidir (83 saylı bina). Sakinlər 2-3 ay öncə əlaqədar orqanlara şikayət məktubu göndərib. Həm Fövqəladə Hallar Nazirliyi, həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də Binəqədi Rayon İcra Hakimiyyəti sözügedən ünvanda qanunsuz tikinti işlərinin aparıldığını təsdiq edib.
Nazirlik yanğın təhlükəsizliyi tələblərini pozduğu üçün “Lalə” kafesinin sahibini inzibati məsuliyyətə cəlb edib. Komitə yol verilən qanunsuzluğun aradan qaldırılması üçün yerli icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti isə “Lalə” kafesinin sahibinə qanunsuz quraşdırılan talvarın sökülməsi barədə xəbərdarlıq edib.
Ancaq indiyədək heç nə dəyişməyib. Kafe sahibi lazımi tədbirləri görmür.