Cəmiyyət

Kamil Zeynallı bir ay müddətinə həbs edildi – YENİLƏNİB

Kamil Zeynallı bir ay müddətinə həbs edilib.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında baş verib:

“K.Zeynallı Kəlbəcərə getmək istəyib. O, Göygöldə saxlanılıb. Polis əməkdaşları izah edib ki, işğaldan azad edilən Kəlbəcərə hazırda mülki şəxslərin getməsi qadağandır. Kamil Zeynallı təkid edib”.

Qeyd edilib ki, saxlanılan K.Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, iş baxılması üçün Göygöl rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Zeynallı bir ay müddətində inzibati qaydada həbs edilib.

16:06

Fitnes məşqçisi Kamil Zeynallı yenidən həbs edilib.

Oxu.Az-ın məlumatına görə, o Göygöl rayonu ərazisində polislər tərəfindən saxlanılıb.

O, işğaldan azad edilmiş əraziyə səfər etmək istəyib. Polislərin qanuni tələblərinə məhəl qoymayan K.Zeynallı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məşqçinin barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.

Bundan əvvəl, K.Zeynallı karantin qaydalarını pozduğuna, eləcə də ictimai asayişi pozduğuna görə bir neçə dəfə saxlanılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir