Bugünlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsində erməni terrorçularının növbəti təxribatı nəticəsində atəşkəs rejimi yenidən pozuldu və düşmən cavab atəşi ilə susduruldu. Ondan bir neçə gün əvvəl isə işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edildi, 2 nəfər yaralandı. Nəhayət, dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu şəhid oldu və “Azercell” şirkətinin əməkdaşı ağır yaralandı.
Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələri isə sözügedən silahlı dəstələrin meşəlik ərazidə “azmış” vəziyyətdə olduğu barədə məlumat vermiş, onların ərazidən çıxarılması üçün Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi. Erməni separatçıların açıq terror əməllərinə və Ermənistanın buna “azmış” donu geyindirməsinə rəğmən, Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək, səsgücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyünü bildirmiş, dolayısı ilə terrorçulara dəstəyini nümayiş etdirmişdi.
Belə vəziyyətlərdə meşələrdə gizlənən ermənilərə terrorçular kimi baxılmalı və lazımi addım atılmalıdırmı? Əgər belədirsə, Rusiya sülhməramlılarının onlara “azmış”, “itkin düşmüş” donu geyindirərək, terrorçuları himayə etməsi nəyə əsaslanır?
Baş verənləri AYNA-ya şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hesab edir ki, “azmış” ermənilərə, əslində terrorçular kimi baxılması daha düzgündür: “Bildiyiniz kimi, bugünlərdə Zəngilan rayonunda da buna bənzər hadisə oldu. Bunda əvvəl də biz bu təxribatların şahidi olmuşuq. Düşünürəm ki, bu, cavabdehlik səlahiyyəti olan ölkənin təşkil etdiyi işin nəticəsidir. Çünki ermənilər qorxaq millətdir və özbaşına belə bir iş görə bilməzlər. Bu hadisə Azərbaycana qarşı edilən növbəti təzyiq formalarından biridir. Rusiya sülhməramlıları tərəfindən məlum xəritənin ortaya çıxması da, yaxud Azərbaycana qarşı meyvə-tərəvəz müharibəsinin elan edilməsi də aydındır ki, Ermənistanın yox, Rusiyanın işidir. Ona görə də məsələləri düzgün qiymətləndirmək və olduğu kimi səsləndirmək lazımdır. Azərbaycana qarşı istənilən təxribatın arxasında Rusiyanın siyasi maraqları dayanır. Bunu da təbii qarşılamaq lazımdır. Çünki Rusiya nəhəng dövlətdir, bu müharibədən öz çıxarları var və bu çıxarların içərisində Azərbaycanın zəiflədilməsi, Azərbaycan cəmiyyətinin parçalanması, ölkədə sabitliyin pozulması və bu yolla da konfliktə müdaxilə imkanları ilə Rusiyaya ehtiyacın yüksək olması və Rusiyanın bu prosesdə qazana biləcəyi dividendlər üçün şəraitlərin yaradılması məqsədi güdülür”.
VİP sədri Rusiya sülhməramlılarının erməni separatçılarına “itkin düşmüş” donu geyindirərək, onları himayə etməsinin, bilavasitə Rusiyanın maraqları ilə bağlı olduğuu düşünür: “Rusiyanın çıxarları isə bu regionda erməni tərəfi ilə müttəfiqlik etməkdir. Bu himayədarlıq da həmin müttəfiqliyin əlaməti kimi görünür. Geridə qalan günlər ərzində ruslar Xankəndi və digər yaşayış məntəqlərinə yalnız ermənilərin köçürülməsini təşkil edib. Məgər, həmin ərazilərdə təkcə ermənilər yaşayıblar? Bəs, nə üçün azərbaycanlıların da həmin ərazilədə məskunlaşması üçün hansısa bir addım atılmır? Nə üçün Rusiyanın daxilində ciddi iqtisadi sıxıntılar olduğu halda, Rusiya hökuməti Xankəndidə 40 min mənzilin tikilməsi ilə bağlı qərar verir? Axı, bu günə qədər işğal altında olan ərazilərdə belə bir qərar olmayıb. Bəs, indi belə bir qərarın verilməsi nə deməkdir? Yaxud da, Arayik Arutunyanın hələ də vəzifədə olması və qondarma atributla rəsmi görüşlər keçirməsi, Azərbaycana qarşı təzyiq deyil? Bütün bunlar o deməkdir ki, bu qüvvələr Azərbaycanın müstəqilliyini, suverenliyini məhdudlaşdırmaq üçün planlar qururlar. Bunun üçün də ən yaxşı alət ermənilər və onların partizan müharibəsidir. Bunu da həyata keçirirlər”.
“Bütün bunlara qarşı mübarizə aparmaq üçün də Azərbaycan 10 noyabr bəyanatından sonra aparılan siyasətdən imtina etməlidir. Etiraf etmək lazımdır ki, ərazi bütövlüyümüzün bərpası bugünkü real vəziyyətə uyğun deyil, hazırkı situasiyaya adekvat hərəkət edilməlidir, indiki situasiya uyğun qiymətləndirmə həyata keçirilməlidir və bunun alternativi yoxdur. Bu gün cəmiyyətin konsolidasiyasına nail olmaq, eyforik vəziyyətdən çıxmaq lazımdır. Çünki bu eyforik vəziyyət mövcud duruma uyğun deyil. Eyforik vəziyyətdən çıxmağa qərar veriləndən sonra, geridə qalan günlər ərzində deyilən tezis və bəyanatalara yenidən baxılmalıdır”, – deyə Əliyev vurğulayıb.
Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri, professor Qulu Məhərrəmli də AYNA-ya açıqlmasında proseslərin arxasında Moskvanın maraqlarının dayandığını deyib: “Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması üçün Azərbaycan və Türkiyə prezidentlərinə, həmçinin beynəlxalq təşkilatalara müraciət edilməsi üçün 10-12 gün idi ki, işlər görürdük. Müraciətin əsas təşəbbüskarı professor, tarixçi Hacıbaba Əzimov oldu. Biz də fikir mübadiləsi apardıq, başqa həmfikirlər tapıldı və nəticədə müraciətin yayılmasına qərar verdik. Müraciətin yayılmasındakı zərurət isə Rusiyanın sülhməramlılar adı altında Qarabağa gəlişi və öz səlahiyyətlərindən kənar fəaliyyət göstərməsidir. Demək olar, Rusiya artıq həmin əraziləri özünün protektoratı kimi idarə etməyə başlayıb ki, bu da çox qorxulu tendensiyadır və Azərbaycanın suverenliyinə birbaşa qəsddir”.
“Digər tərəfdən, 10 noyabr razılaşmasının şərtləri pozulmağa başlayıb. Məsələn, Qarabağda heç bir silahlı hərbi dəstə olmamalı idi, amma orada hərbi dəstə də var, millətçi separatçılar da. Həm də sülhməramlıların gözləri qarşısında bu proseslər gedir. Yəni, biz də bu qoruxulu vəziyyəti hiss edirik deyə, həm ölkə rəhbərliyinə, həm də beynəlxalq təşkilatlara bu müraciəti ünvanladıq, Rusiyanın sülhməramlılar adı altında Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırdıq. Bu müraciəti imzalayanlar, əsasən vətəndaş cəmiyyətinin üzvləridir. Əlbəttə ki, bura bir çox siyasi partiyalar, ictimai xadimlər qoşula bilər, amma biz qərara aldıq ki, ilkin mərhələdə bu müraciəti, təxminən 10 nəfərlik heyət imzalasın və cəmiyyət də görsün ki, fərqli fikirlər var”, – professor bildirib.
O, Ermənistan və Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini qeyd edib: “Azərbaycan bu müharibədən qalibiyyətlə çıxıb və şərtlərə də dəqiq, dürüst əməl edir. Amma çox təəssüf ki, nə Ermənistan, nə də Rusiya Azərbaycanın suverenliyinə hörmət edir. Bizim Rusiyadan xüsusi gözləntilərimiz yoxdur, çünki Rusiyanın sülhməramlılar adı altında regiona giriş forması bizim gözümüzün qabağındadır və niyyətləri də bəllidir. Ona görə də biz bunu deyirik ki, cəmiyyət nəyin necə olduğunu bilsin. Düzdür, Rusiyanın Abxaziyada, Krımda, Dnestryanı bölgədə, Cənubi Osetiyada göstərdiyi davranışlar sübut edir ki, Moskvanın tamamilə başqa niyyətləri var, yəni, özünün hegamonluğunu təsdiq etmək istəyir. Amma perspektivdə bu, belə deyil. Daha doğrusu, mən Rusiyanın 1990-cı illərdəki kimi güclü olduğunu güman etmirəm. Azərbaycan isə çox təmkinlə, səbrlə, ağılla bu məsələləri yoluna qoya biləcək”.
Müsahibimiz son günlər Hadrut qəsəbəsində baş verən hadisələrə belə şərh verib: “Təbii ki, bu hadisənin çox kəskin halda özünü biruzə verməsi, Rusiya sülhməramlılarının həmin separatçıları müdafiə etməsi, kəndləri tutması və yeni xəritə cızması Rusiya sülhməramlılarının mandatına qətiyyən uyğun deyil. Onların işi tərəflər arasında sülhü qorumaqdır. Əgər, azad edilmiş ərazilərdə Ermənistan ordusunun tör- töküntüləri qalıbsa, bunun ən sadə yolunu Azərbaycan təklif edib: onlar üçün dəhliz açıb, onları sülhə dəvət edir. Amma sülhməramlıların baş verənlərə bu şəkildə müdaxilə etməsi, güc göstərməsi qorxulu tendensiyadır”.
“Düzdür, mən onların ərazidə qalacaqlarına inanmıram, tədricən Azərbaycan tərəfi də izah edəcək ki, bu şəkildə yanaşma doğru deyil. Amma indiki şəkildə bu qədər impulsiv, dalaşqan mövqeyin də tərəfdarı deyilik. Hər şeyi danışıqla, dialoqla, sülhlə həll edib bir yerə çıxarmaq lazımdır. O cümlədən də Rusiya sülhməramlılarının dəqiq funksiyası bilinməli, dayandığı dəqiq yerlər olmaldır. Yəni, onların işi hakim rolunu oynamaqdan ibarət deyil. Onların əsas məqsədi sözdə erməniləri qorumaq, toqquşmaların qarşısını almaq olsa da, amma gedişatdan belə görünür ki, sülhməramlılar bölgədə özlərini hakim kimi aparırlar. Təbii ki, bu, yolverilməzdir və Azərbaycan Ordusu daim yüksək döyüş hazırlığını saxlamalıdır. Əlbəttə ki, Azərbaycan nə sülhməramlılarla döyüşmək, nə də müharibəni bərpa etmək istəyir, amma sadəcə olaraq Azərbaycan bu müharibədə qalib gəlmiş dövlət kimi özünə hörmət tələb edir və Ermənistan da, Rusiya da bunu nəzərə almalıdır”, – deyə Q.Məhərrəmmli fikirini yekunlaşdırıb.