Cəmiyyət

Səbinə Əliyeva yaralı hərbçilərə baş çəkib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan yaralanmış hərbi qulluqçularımıza baş çəkib.

Qurumdan verilən məlumata görə, ilk növbədə Hospital binasının foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub.

Görüşdə iştirak edən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki Elxan İbrahimov müəssisədəki ümumi şərait, tibbi təchizat haqqında, eyni zamanda Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçularımıza göstərilən tibbi xidmət barədə geniş məlumat verib.

Ombudsman Səbinə Əliyeva müharibə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularla görüşüb. Başçəkmə çərçivəsində hospitalın ərazisinə baxış keçirilib, Ombudsman müəssisədə yeni istifadəyə verilmiş təcili tibbi yardım maşınları, digər müasir texniki avadanlıqlarla tanış olub.

Palatalarda hərbi qulluqçulara baş çəkən Ombudsman onların sağlamlıq vəziyyəti, tibbi xidmətin təşkili ilə maraqlanıb. hərbi qulluqçularımızı müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər münasibətilə təbrik edib, onlara şəfa diləyib. Hərbi qulluqçular onlara göstərilən qayğı, tibbi xidmətlər və qidalanma səviyyəsindən razılıqlarını ifadə ediblər.

Müvəkkil torpaqlarımızın azad edilməsi uğrunda müharibədə tibb işçilərinin də könüllü olaraq ön cəbhəyə gedərək əsgər və zabitlərimizlə çiyin-çiyinə dayandığını, həmçinin 42 tibb işçisinin cəbhədə xidməti vəzifəsini yerinə yetirərək yaralı hərbi qulluqçulara təxirəsalınmaz tibbi yardım göstərərkən qəhrəmancasına şəhid olduqlarını, ümumilikdə 159 tibb işçisinin yaralandığını bildirərək, Vətən müharibəsi zamanı tibb işçilərinin xüsusi rolu barədə danışıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir