Daxili İşlər Nazirliyi (DİN) pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edib.
DİN-in Mətbuat Xidmətindən Anews.az-a daxil olan məlumatda deyilir:
“Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Xırdalan şəhərində keçirilib. Şəhər ərazisindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edən Habil Babayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsə məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Habil Babayev barəsində Abşeron RPİ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir”.