Manşet Siyasət

İlham Əliyev yeni təyin olunmuş mədəniyyət nazirini qəbul etdi – FOTO/CANLI YAYIM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib:

“Mən sizi mədəniyyət naziri vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışırsınız və ümid edirəm ki, nazir kimi bu yüksək etimadı doğruldacaqsınız.

Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır.

Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.

Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.

Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir. Bildiyiniz kimi, artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərir və bu Mərkəzə mənim xüsusi diqqətim vardır. Mərkəz humanitar qeyri-hökumət təşkilatı kimi formalaşsa da, hazırda mərkəzin fəaliyyəti çox genişdir, çoxşaxəlidir. Hər il keçirilən Qlobal Bakı Forumu, – əlbəttə, 2020-ci ildə pandemiyaya görə keçirilməyib, – dünya miqyasında öz layiqli yerini tutubdur. Bir daha demək istəyirəm ki, bu il biz Nizami Gəncəvinin yubileyini geniş qeyd etməliyik. 2019-cu il isə digər dahi Azərbaycan şairi Nəsimi ili olmuşdur. Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər.

Azərbaycanın zəngin musiqi sənəti var və bu gün bizim sənətimiz dünyada tanınır. Bizim musiqi sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğamı bizim milli sərvətimizdir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, bir çox ölkələrdən ifaçılar gəlirlər. Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır. Təkrarolunmaz bu sənət bu gün yaşayır, biz bu sənəti yaşadırıq. Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Çox şadam ki, bizim gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq bir haldır. Çünki bəzi hallarda gənclər daha çox populyar musiqiyə üstünlük verirlər, yəni, bəzi hallarda xarici musiqiyə üstünlük verirlər. Mən çox şadam ki, bizim gənclərimizin mütləq əksəriyyəti milli incəsənətimizə, musiqimizə bağlı olan insanlardır. Əlbəttə ki, bizim tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində öz rolunu oynayırlar. Bildiyiniz kimi, mənim Sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır – Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır.

Aşıq sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq biz aşıq sənətini sırf Azərbaycan sənəti kimi qəbul edirik və aşıq sənətini dünyada təbliğ edirik. Bizim milli musiqimiz çox zəngindir, çox geniş auditoriya cəlb edə bilib. Bizim musiqimiz xalqımızın istedadını göstərir. Bütövlükdə bizim mədəniyyətimiz xalqımızın istedadını göstərir. Çünki ancaq istedadlı xalq belə gözəl əsərlər yarada bilir.

Xalçaçılıq sənəti ilə haqlı olaraq fəxr edə bilərik. Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin sayı o qədər də çox deyil. Onların arasında Azərbaycan xalçalarının xüsusi yeri vardır. Özü də xalçalarımızın, xalça məktəblərinin müxtəlifliyi bizim mədəni zənginliyimizi göstərir. Xalça sənətini də biz yaşadırıq. Vaxtilə muğam sənəti yavaş-yavaş yaddan çıxırdı və elə bil ki, kənarda qalırdı, eləcə də xalçaçılıq sənəti. Gənclər xalçaçılıqla məşğul olmağa həm həvəsli deyildilər, həm də ki, imkanları yox idi. Biz bu imkanları yaratdıq. Xalçaçılıq sənəti əbədi yaşamalıdır.

Bizim memarlıq əsərlərimiz dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, bizim nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, biz son illər ərzində müasir memarlıq əsərləri yaratmışıq. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir və digər layihələr. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır.

Bizim dini abidələrimiz qorunur və qorunacaq. Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Bir çoxları yenidən tikilib, o cümlədən mənim göstərişimlə Heydər məscidi yenidən tikilib. Bizim digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, mənim göstərişimlə faktiki olaraq yenidən qurulub. Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.

Azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır. Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada – işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonrakı bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar.

Ona görə mədəni abidələrimizin, dini abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq. Mənim təşəbbüsümlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir. Çünki vaxtılə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar əlbəttə ki, bizim mədəni irsimizə çox böyük zərbə vurdu. Digər xoşagəlməz halların, – əfsuslar olsun ki, Mədəniyyət Nazirliyində kifayət qədər xoşagəlməz hallar mövcud idi, – hamısı üzə çıxdı. Bu pozuntuları buraxan insanlar məsuliyyətə cəlb olundular, o cümlədən cinayət məsuliyyətinə. Ona görə siz bütün bu pozuntularla bağlı ciddi mübarizə aparmalısınız. Mən sizə bu barədə göstərişlərimi artıq nazir müavini vəzifəsinə təyin edəndə vermişdim.

Bizim zəngin mədəni həyatımız var. Amma biz mədəni həyatımızı daha da zənginləşdirməliyik. Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik.

Əlbəttə ki, dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir. Artıq operativ qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Siz də orada təmsil olunursunuz. Ona görə dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız gərək siyahıya alınsın. Onların əvvəlki görüntüsü gərək təqdim edilsin. Onların bərpası, yaxud da ki, yenidən qurulması onların ilkin, yəni, autentik simasını pozmamalıdır. Ümumiyyətlə, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq. Ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik.

Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir.

O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş prezidenti Köçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər.

Biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində ermənilər bir məscidi guya təmir etdirmək istəyiblər. O da, sadəcə olaraq, təbliğat xarakterli bir addım idi. Çünki 60-dan çox məscidi dağıtmısan, o cümlədən Zəngilan şəhərindəki məscidi, – mən orada olarkən o məscidin önündə Azərbaycan xalqıma sözlərimi dedim, o məscidin ancaq bir neçə divarı qalıb, – bu necə olur ki, sən Şuşada bir məscidi guya təmir etdirirsən? Sadəcə olaraq, təbliğat üçün desin ki, bəli, biz burada müsəlman dininə hörmət göstəririk. Ancaq əfsuslar olsun ki, Şuşadakı bu məscidin təmirində xarici mütəxəssislər iştirak ediblər, özü də bizdən icazəsiz. Necə ola bilər, Azərbaycan ərazisinə bizdən icazəsiz gedəsən, bizim məscidimizi işğalçı ermənilərlə birlikdə guya təmir edəsən?! Bu, hansı beynəlxalq normalara sığır? Hansı mənəvi çərçivələrə sığır? Hansı şirkət, yaxud da ki, insanlar bunu özlərinə rəva görə bilərlər? Bunlar bizim tarixi abidələrimizdir, bizdən soruşun. Yoxsa, özbaşına gedəsən başqa ölkənin zəbt edilmiş, işğal olunmuş torpaqlarına, orada özün üçün iş görəsən. Məscidin tarixi siması dəyişdirilib. Ona görə mən sizə tapşırıq verirəm, o məscidin daxili tərtibatına yenidən baxmaq lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona öz simasını qaytaracağıq. Ondan sonra o açılacaq.

Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün, onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox?

Bütün qonşulara meydan oxuyurlar. Əsassız iddialar irəli sürürlər, torpaq iddiası, ərazi iddiası. Hər şeyi onlar özününküləşdirmək istəyirlər. Bizim musiqimizi oğurlayırlar. Gedin açın, onların öz musiqisi kimi təqdim etdikləri musiqilərin böyük hissəsinin müəllifi Üzeyir Hacıbəylidir və bizim digər bəstəkarlarımızdır. Bizim mətbəximizi oğurlayırlar. Qonşu xalqların mətbəxini oğurlayırlar. Tarixi abidələri oğurlayırlar. Kilsələri başqa xalqlardan, qonşu xalqlardan oğurlamağa çalışırlar.

Bir daha deyirəm, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri.

Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər – Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır.

Azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısı hazırlanmalıdır. Onlar onsuz da var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq, ilk növbədə, əlbəttə ki, onların təftişi, kvalifikasiyası aparılmalı və beynəlxalq şirkətləri dəvət etməklə onların bütün siyahısı tərtib edilməlidir. Deyə bilərəm ki, azad edilmiş torpaqlarda bütövlükdə dağıntılar siyahıya alınır. Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq.

Mən bir məsələyə də toxunmaq istəyirəm. Siz uzun illər Azərbaycanı UNESCO-da təmsil etmisiniz. UNESCO-Azərbaycan əlaqələri haqqında kifayət qədər məlumatlısınız. Bu əlaqələrin inkişafı üçün öz səylərinizi göstərmisiniz. Sizi nazir müavini və indi nazir vəzifəsinə təyin etmək, eyni zamanda, əldə etdiyiniz təcrübəyə də əsaslanır. Yəni, UNESCO ilə bizim çox məhsuldar, səmimi münasibətlərimiz var və ümid edirəm ki, bu münasibətlər qorunacaq. Üç baş katiblə mənim görüşlərim olub. İndiki baş katib Bakıda olarkən bir dəfə görüşmüşəm, amma ondan əvvəlki iki baş katiblə mənim bir çox görüşlərim olub. Onlar dəfələrlə Azərbaycanda olublar. UNESCO-Azərbaycan əlaqələrinin inkişafında onların böyük rolu var. Ona görə UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var. Biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur. Mənim sözümü sübut edən bizim bax, bir neçə cildlik işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik.

Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır.

Onu da bildirməliyəm ki, bizim dəvətimizlə yanvar ayında ICESCO-nun missiyası Azərbaycana gələcək və burada görüşlər olacaq. Mən hesab edirəm ki, onlar azad edilmiş torpaqlara da getməlidirlər. Ondan sonra ekspertlər qrupu gəlməlidir. Müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı onlar missiya həyata keçirməlidirlər və öz hesabatında bunu əks etdirməlidirlər. Əlbəttə, bütün təhlükəsizlik tədbirlərini nəzərə almaq şərti ilə maksimum imkan yaradaq. Çünki o bölgələrdə hələ ki, minalar kifayət qədər çoxdur və təhlükəsizlik tədbirləri mütləq təmin edilməlidir.

Beləliklə, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasıdır. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi əlbəttə ki, azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır. Əminəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. Sizə uğurlar arzulayıram. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız”.

Anar Kərimov: “Çox sağ olun, möhtərəm cənab Prezident. İcazənizlə, ilk növbədə, Sizi, müzəffər ordumuzun Ali Baş Komandanı olaraq bu tarixi Qələbə münasibətilə mədəniyyət ictimaiyyəti adından bir daha təbrik edim.

Məhz Sizin qətiyyətli mövqeyiniz və siyasi iradəniz nəticəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda, Azərbaycan öz milli qürurunu və öz inamını bərpa etdi. Bu Qələbə nəticəsində Sizin elan etdiyiniz Qarabağımıza “Böyük qayıdış” proqramında mədəniyyətimizə, Mədəniyyət Nazirliyinə verdiyiniz bu xüsusi önəmə görə Sizə çox təşəkkürümü bildirmək istərdim.

Milli musiqimizin, mədəniyyətimizin beşiyi olan Şuşanın azad edildiyi gün Sizin söylədiyiniz “Şuşa sən azadsan!” sözləriniz həm Azərbaycan xalqı, həm də mədəniyyət ictimaiyyətimiz üçün qürur mənbəyi oldu. Məhz belə bir tarixi zamanda mənə bu yüksək etimadı göstərməyiniz mənim üçün böyük bir şərəf və eyni zamanda, böyük bir məsuliyyətdir, möhtərəm cənab Prezident. Dediyiniz kimi, mən mədəniyyətimizi canlandırmaq və eyni zamanda, Qarabağımıza qaytarmaq üçün var gücümlə çalışacağam.

Sizin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanımın mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğı və diqqət hər birimiz üçün örnəkdir. Bu, bizim gələcək fəaliyyətimizdə də iş prinsipimiz olacaq.

Qürur hissi ilə deyirəm ki, UNESCO-da çalışdığım illərdə də Sizin mədəniyyətimizin inkişafına dəstəyinizin şahidi olmuşam. Mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunandan sonra Sizin ilk tapşırıqlarınıza uyğun olaraq mədəniyyət sektorunda islahatların aparılması məqsədilə genişmiqyaslı və sistemli bir prosesə başlamışıq. Bu islahat prosesinin əsas dörd istiqamətini Sizin diqqətinizə çatdırmaq istərdim. Birincisi, şəffaf və səmərəli idarəçiliyin qurulması, insan resurslarının gücləndirilməsi, Mədəniyyət Nazirliyi olaraq məzmunun zənginləşdirilməsi və iqtisadi modellərin tətbiq edilməsi. Sizin bu gün də mədəniyyətimizlə bağlı söylədiyiniz dəyərli fikirlərinizi və göstərdiyiniz istiqamətləri rəhbər tutaraq islahat prosesində onların hamısını tətbiq edəcəyik.

Beynəlxalq səviyyədə əməkdaşlığa gəldikdə, təbii ki, Sizin rəhbərliyinizlə biz ümdə məqsədimiz olan ərazi bütövlüyümüzün qorunub saxlanılması, suverenliyimizə hörmət edilməsi, bu məsələlərə ədalətli və qərəzsiz yanaşılması beynəlxalq təşkilatlardan tələb olunacaq.

Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirəm ki, verdiyiniz tapşırıqları və üzərimə düşən məsuliyyəti dərk edərək onları şərəf və vicdanla yerinə yetirəcəyəm. Etimadınıza görə bir daha təşəkkür edirəm. Çox sağ olun”.


Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir