2020-ci ildə həyatın digər sahələri kimi, media təsisatları da COVİD-19 pandemiyasının təsiri altında olublar.
Jurnalistlərin Həmkarlar İttifaqından Sfera.az-a verilən məlumata görə, BJF-nin hesablamalarına görə, 2020-ci ildə pandemiya dövrünün iqtisadi-maliyyə durğunluğuna uyğun olaraq, maliyyə gəlirlərindən, reklamlardan məhrum olaraq fəaliyyətlərini dayandıran KİV-lərin sayı ümumilikdə dünya media təşkilatlarının 25%-i həcmindədir. Dünyada hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı / itkisi və ya iş şəraitinin pisləşməsi ilə üzləşib. Dünyanın 58 ölkəsində 615 nəfər jurnalist virusa yoluxaraq həyatını itirib.
Azərbaycanda isə, monitorinqin nəticələrinə görə, 117 nəfər jurnalist COVİD-19-a yoluxub, 8 nəfər jurnalist həyatını itirib. Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da KİV-lərdə iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərə maliyyə yardımının göstərilməsini davam etdirib. Ənənəvi yardım proqramının Fond tərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavə xilas rolu oynayıb. Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib.