Hərbi həkimlər Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarını koronavirus əleyhinə peyvənd etməyə başlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyində bildiriblər.
“Rusiya sülhməramlı kontingentinin həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başladılar. Bir gün əvvəl xüsusi termo konteynerlərdə “Sputnik-V” vaksininin təxminən 2 min dozası sonrakı istifadə üçün xüsusi təyinatlı tibb bölməsinə çatdırılıb”, – nazirlikdə deyiblər.
Peyvənd edilmə iki mərhələdə olacaq: vaksinin birinci komponenti yanvarın sonuna kimi, ikinci komponent – 21 fevrala qədər sülhməramlılara vurulacaq. İlk olaraq sülh kontingentinin komandanlığı və hərbi həkimlər peyvənd edilib.
“Vaksin dondurulmuş formada çatdırılır, istifadəyə hazırlıq vaxtı biz onun donunu açırıq, bu halda şəxsi heyət mərhələli müayinədən keçir. Əgər əks göstəriş yoxdursa, onda peyvənd edilir. Vaksinləmənin keçirilməsindən sonrakı 30 dəqiqə ərzində allergik reaksiyanın yoxluğuna əmin olmaq üçün hər bir sülhməramlı müşahidə altında olacaq”, – sülhməramlıların tibb məntəqəsinin rəhbəri Aleksey Kruçinin bildirib.