“Zərərverici bitkidə olan, bitkinin məhsuldarlığına və keyfiyyət parametrlərinə təsir edən, onun məhsuldarlığını aşağı salan təbiətdə mövcud olan varlıqdır. Söhbət burada məhsulun insan üçün təhlükəli olmağından getmir”.
Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışarkən deyib.
E.Mikayılov bu məhsulların daxili bazarda satışının heç bir zərərinin olmadığını əlavə edib və bildirib ki, nə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, nə də Rusiya Federasiyasının müvafiq qurumu məhsulun insan üçün təhlükəli olduğunu demir:
“Xüsusilə də, “tuta absoluta” zərərvericisi təkcə mədəni bitkilərdə deyil, eyni zamanda, meşələrdə də olur. Zərərvericinin mövcudluğu təkcə bu regiona şamil edilmir. Bizdə son 10-15 il ərzində müşahidə olunsa da Avropanın ən inkişaf etmiş ölkələrində – İtaliya, İspaniya, Böyük Britaniya və Fransada da mövcuddur.
Bu, məhsulun təhlükəsizlik göstəricisi ilə bağlı deyil, sadəcə onun məhsuldarlığına təsir edən zərərvericidir. Rusiya Federasiyası bunu bizim üçün yeni bir hal kimi təqdim etmir. Uzun illərdir ki, Azərbaycana Rusiya Federasiyası tərəfindən notifikasiya göndərilir. Son 10 ili götürsək notifikasiyalarda zərəvericilərin 20-30 ətrafında yük partiyalarında olması faktı qeyd edilir. Həmçinin, AQTA da bu zərərvericinin olması ilə bağlı konkret faktlar müəyyənləşdirib”.
Qurumun Aparat rəhbərinin sözlərinə görə, yalnız məhdud sayda istilikxanalarda bu zərərvericinin mövcudluğu halları müəyyən edilib:
“Belə hallar müəyyənləşdirildikdə AQTA Kənd Təsərrüfatı Nazirliyi, sahibkarlarla birlikdə kimyəvi, bioloji və müxtəlif üsullarla həmin zərərvericinin aradan qaldırılması ilə bağlı tətbirlər görülür”.