Manşet Siyasət

Qan yaddaşımız və qəhrəmanlıq dastanımız olan 20 Yanvar faciəsindən 31 il ötür

31 il əvvəlin faciəvi yanvar günlərində üzləşdiyimiz belə bir ağır sınaq məqamında xalqımızın mübarizlik əzminin təzahürü, göstərilən təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi, şərəf səhifəsi olan Qanlı yanvar səhifəsini yazdı.

20 Yanvar yaşamış olduğumuz ən fəlakətli və ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm qan yaddaşı, həm də qəhrəmanlıq tarixi kimi həkk olundu.

Biz nağıllarda olduğu kimi xeyirlə şərin mübarizəsində hər zaman xeyirin qələbəsi ilə bitməsinə inanmışıq, lakin bəzən qısa müddət də olsa şər də qalib gəlir. Elə 20 Yanvar da məhz Şərin Xeyirə qalib gəldiyi qısa bir an idi. Bu şərin gəldiyi yol isə bir və ya iki aylıq yol deyildi. Bu çox uzaqlardan gələn bir yol idi. Bu yol ki, 1813-cü ilin “Gülüstan”ından gəlir, bu yol 1828-ci ilin “Türkmənçay”ından keçir. Bu yolun bizə ən yaxın döngəsi isə 1920-ci ilin 28 aprelindən başlamışdı. Beləcə bir çox illərin ağrı-acılarından keçib gəlmişdik 20 Yanvara.

Bunlar çox uzun və həddindən artıq üzüntülü bir hekayədir, həm də azadlıqsevər bir məmləkətin, insanpərvər bir millətin və məğrur bir xalqın əsarət hekayəsidir. 20 Yanvar isə bu hekayənin son fəslidir. Elə bu fəsildə də Şər çıxmışdı qarşımıza. Növbəti dəfə düşmənlərimizin hiyləsi ilə bizi hədələyən namərd qonşularımız vətən torpaqlarımıza göz tikmişdilər. Ölkəmizin ərazi bütövlüyünə qarşı yürüdülən məkrli fəaliyyətlər, riyakar qəsdlər SSRİ Rəhbərliyi tərəfindən xalqımıza qarşı yürüdülən açıq-aşkar düşmənçilik siyasəti belə bir imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqda idi.

Xüsusən, 1988-ci il mart ayında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarın qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Sovet Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərman verməsi ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya tərəfindən dəstəkləndiyini göstərdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş

xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 Yanvarında qanlı faciyəyə gətirib çıxardı.

1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya ki, Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Bunlar əslində tamamilə saxta bir tezis idi. Çünki Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların minlərlə əsgəri, Müdafiə Nazrliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, həmçinin 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan xəbərdar olmaması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da gecə saatlarında Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri tamamən dayandırıldı. Həmin gecə fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə qoşun daxil oldu və dinc, əli silahsız olan əhaliyə amansız divan tutuldu.

M.Qorbaçovun fərmanı qüvvəyə minənədək Yanvarın 20-də saat 00:00-dan artıq bir neçə nəfər öldürülmüşdür. Bakıda fövqəladə vəziyyət əhaliyə yalnız yanvarın 20-də səhər saatlarında respublika radiosu ilə çatmışdı.

Beləliklə qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Respublika rayonlarında yüzlərlə şəxs öldürülmüş, 700-ə yaxın nəfər yaralanmış, 800-ə yaxın insan isə qanunsuz həbs edilmişdir. Həmçinin hərbi qulluqçular tərəfindən 200-ə yaxın ev və mənzil, bir çox avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı qüvvələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Təbii ki, bu təcavüzkarlıq aksiyası qabaqcadan düşünülüb hazırlanmış Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb

olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi.

Yanvar faciəsi tarixi yaddaşımıza hüzünlü gün, kədərli hadisə kimi, lakin bununla bərabər həm də Azərbaycan xalqının tarixində fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olmuşdur. Azərbaycan xalqı belə bir dəhşətli faciədə əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətnliyini nümayiş etdirdi. Bununla xalqımız dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz ləyaqətini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir. Xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı.

Yanvar faciəsi Azərbaycanın dövlət müstəqilliyi qazanması yolunda dönüş məqamı oldu. Xalq bu mərhələdən keçərək əvvəlki həyata və yarımmüstəmləkə halında yaşamağa son qoyulduğunu anladı. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı.

İmza: Müxbir Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir