Yanvarın 25-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd qəbulu 25-27 yanvar tarixlərini əhatə edəcək.
Namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər.
Təlimatla tanış olduqdan sonra 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.
Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.