Düşmənin torpağımızda keçirdiyi yarışmaya 370 əcnəbi baxsa da, yenə uğursuzluğumuzdur…
Bu gün- iyunun 1-də axşam saat 8-də Azərbaycanın işğal altındakı torpaqlarında tanınmamış “dövlət”lərin qondarma “CONİFA” Avropa “futbol çempionatı”nın açılış mərasimi keçiriləcək.
Moderator.az xəbər verir ki, artıq dünən axşam saatlarınadək 4 separatçı qurum komandası sərhədlərimizi pozaraq Xankəndinə gəlib. Separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “CONİFA” prezidenti Pyer Anders Bild və “çempionat”ın hakim heyəti də duz-çörək və zurna sədalarıyla qarşılanıb. P.Anders Bild jurnalistlərə açıqlamasında iddia edib ki, qondarma “beynəlxalq tədbir”ə dünyanın müxtəlif qitələrindən 370 milyona yaxın adam tamaşa edəcək…
P.S. Əlbəttə, Azərbaycanın təşkil etdiyi və ev sahibliyi yapdığı beynəlxalq idman tədbirləriylə müqayisədə separatçı rejimin keçirdiyi bu saxta “çempionat” çox cılız görünür. Özü də artıq tədbirə bir neçə gün qalmış məlum olub ki, futbol “çempionat”ına öncədən planlaşdırıldığı kimi, 12 yox, cəmi 8 separatçı komanda qatılacaq…
Bütün bunlarla belə, tədbirin bizim(!) torpaqlarımızda erməni bayrağı altında keçirilməsi, 8 separatçı qurumun burada meydan sulaması və bunun qarşısını almaqda acizliyimiz göz önündədir. Odur ki, etiraf edək, Qarabağdakı bu faktiki yarışmaya 370 milyon yox, 370 əcnəbi baxsa da, yenədə bizim uğursuzluğumuzdur…