Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Zirveyoluşinfo məlumatına görə, dövlət başçısı müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmovun Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirməsi ilə bağlı məsələyə də münasibətini bildirib.
Dövlət başçısı Elman Rüstəmovun fikrini tənqid edib:
“Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır”.