Manşet

Qarabağdan erməni silahlılarının çıxarılmaması və Laçın dəhlizinə nəzarət… – ”Azərbaycan buna görə narahat olmalıdır”

Rusiya sülhməramlılarının Xankəndidə növbəti addımı Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Belə ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən sülhməramlılar Xankəndi şəhərindəki poliqonda “ZTR-82” ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib.

Təlim zamanı zirehli texnikanın ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər. Manevrə 200 rusiyalı hərbçinin qatıldığı bildirilir.

Məsələni Cebhe.info-ya şərh edən mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, “Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov hesab edir ki, Qarabağda sülhməramlıların keçirdiyi kiçikmiqyaslı təlim Azərbaycan ictimaiyyətində narahatlıq yaratmamalıdır:

“Rusiya sülhməramlılarından 200 nəfərin Xankəndində hərbi təlim keçirməsi bir az fərqlidir. Yəni bu, genişmiqyaslı təlim deyil. Məlum olduğu kimi, Qarabağda erməni terrorçuları var. Ona görə də orada atni-terror əməliyyatına hazırlıq və atış təlimləri keçirilir. Doğrudur, bunu erməni saytları genişmiqyaslı, böyük bir təlim kimi təqdim etməyə çalışırlar. Amma elə deyil. Sadəcə olaraq, hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığını yoxlamaq üçün keçirilən təlimlərdir. Ona görə bu məsələyə o qədər də ciddi yanaşmaq lazım deyil. Azərbaycan ictimaiyyətini də anlamaq olar. Cəmiyyətimiz bu məsələdə həssasdır və belə məsələlər eşidəndə narahat olur. Söhbət genişmiqyaslı hərbi təlimdən gedərsə, əlbəttə, narahatlığa dəyər. Cəmiyyətə məsələnin mahiyyətini doğru çatdırmaq lazımdır. Çünki hazırda informasiya və psixoloji savaş da gedir”.

Politoloq hesab edir ki, hazırda Qarabağdan erməni silahlılarının çıxarılması və Laçın dəhlizinə nəzarət məsələsində narahat olmalıyıq:

“Bu cün kiçik təlimlərə narahat olmaqdansa, ən çox Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılmaması və Laçın dəhlizinə nəzarət məsələlərinə görə narahat olmalıyıq. Eyni zamanda, daxili kommunikasiya xətlərinin daim işləməsi və bizim həmin xətlərdən daha rahat istifadə etməyimizlə bağlı məsələləri diqqətdə saxlamalıyıq. Ən çox zəruri olan bu məsələlərin həllidir. O cümlədən, Qarabağın hazırda bizim nəzarətimizdə olmayan hissəsində Azərbaycanın süverenliyinin pərpası və oradakı həm siyasi, həm də quruculuq işlərində bizim əsas iştirakçı olmağımız, təsiretmə imkanı əldə etməyimiz vacibdir. 200 sülhməramlının iştirakı ilə keçirilən hərbi təlimlər narahatlıq yaratsa da, bunlar hərbi hissələrdə vaxtaşırı keçirilən hərbi təlimlərdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir